REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib VİDEO
Gəncə, 22 avqust, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 22-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Gəncə Dövlət Universitetində keçirilən qəbulda Gəncə və Naftalan şəhərindən, Goranboy, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər, həmçinin işə qəbulla bağlı olub.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.