ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Bakı, 6 may, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü əhatə edən və Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğu vurğulanıb.
İslam Mustafayev qeyd edib ki, Azərbaycanın müstəqil dövlət quruculuğu və sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır.
O, çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıb və ərazi bütövlüyümüzün, müstəqilliyimizin hər bir vətəndaşın qürur mənbəyi olduğunu diqqətə çatdırıb.
İnstitutun icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qeyd edib ki, dahi Heydər Əliyev hələ sovet dövründə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. R.Mehdiyeva çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və çoxsahəli inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğu bildirib.
Fizika elmləri doktoru Bəxtiyar Nəcəfov və gənc alim Selcan Hacıyeva bütün mənalı ömrünü öz xalqının və vətəninin inkişafına həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığını, həmçinin xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq dövlət idarəçilik mexanizmini formalaşdırdığını bildiriblər.