ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun baş direktoru elmi-praktik seminarda məruzə ilə çıxış edib
Bakı, 19 avqust, AZƏRTAC
Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının keçirdiyi seminarda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbir “Bitki mühafizəsində bioloji mühafizə üsullarının tətbiqinin perspektivləri” mövzusuna həsr olunub. Seminarda professor İslam Mustafayev “Ətraf mühitin ekstremal təsirlərinə davamlı bitki növlərinin yetişdirilməsində radiasiya texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilovun, Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayevin, Azərbaycan Standartlaşdırma İnstitutunun şöbə müdiri Bayram Əliyevin və başqalarının məruzələri dinlənilib.
Sonda təşkilatçı institutun laboratoriyalarının, kitablar və müxtəlif təşviqat materiallarının, eləcə də təcrübə sahəsində tətbiq edilən vasitələrin təqdimatı keçirilib.