ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun gənc alimləri Rusiyada elmi-tədqiqat işləri aparıblar
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc alimləri, fizika üzrə fəlsəfə doktorları Fərid Əhmədov və Qadir Əhmədov Rusiya Federasiyasının Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi alfa zərrəciklər üçün LYSO ssintilyatoru və mikro-pikselli selvari foto-diod (MPSF) əsasında yerə həssas detektorun yoxlanılması və MPSF diodlardan ibarət 4*4 ölçülü matrislərin hazırlanması olub.
Ezamiyyət müddətində ölçüləri 24*24*2 mm3 olan LYSO ssintilyatorundan və 4 MPSF-K0 tipli dioddan ibarət olan detektorun alfa zərrəciklərə görə yerə həssaslığı tədqiq edilib. Bundan əlavə, MPSF diodlardan ibarət 4*4 ölçülü matrisalar yığılıb, eləcə də matrisaların eboksid təbəqə ilə örtülməsi üçün metod işlənib hazırlanıb.