ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun layihəsi beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 9 iyun, AZƏRTAC
Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium “Horizon” proqramı üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qalib elan olunan “Tibbi qamma zondu üçün yeni detektor konsepsiyası” adlı layihənin 6 iş paketi üzrə 48 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulub. Layihə müddətində yeni fotodiodların hazırlanması -parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması, sınağı, detektor modulunun hazırlanması, sınağı planlaşdırılır. 2028-ci ilədək nəzərdə tutulan layihənin əsas məqsədi tibbi qamma zondları üçün kompakt ölçülü geniş enerji diapazonunda işləyən yeni detektor modullarının hazırlanması və onun parametrlərinə xarici təsirlərin öyrənilməsidir. Layihədə Azərbaycandan Radiasiya Problemləri İnstitutu (qrup rəhbəri - Fərid Əhmədov), Strateji Elmi Tədqiqatlar Mərkəzi, eləcə də Portuqaliya, Çexiya, Ukrayna, Almaniya, Macarıstan, Sloveniya və Polşadan qurumlar iştirak edirlər.