REGİONLAR


Radikal qrupların milli-mənəvi dəyərlərimizə ziyan vurmasına imkan verilməməlidir VİDEO

Qusar, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 13-də Qusarda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda keçirilən regional seminar-müşavirədə Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxsləri, DQİDK-nın Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının yerli strukturlarının rəhbərləri, bölgənin din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Regional seminar-müşavirədə çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi qüvvələrlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir.

Sədr müavini qeyd edib ki, bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur. Ölkə qanunları da bunun əleyhinədir. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Məhz buna görədir ki, Azərbaycanın adı həmişə dünyada tolerantlığa nümunə olan ölkə kimi göstərilir. Dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır.

Dini sahədə maarifləndirmə işinin radikallıqla mübarizənin ən əsas metodlarından biri olduğunu diqqətə çatdıran Səyavuş Heydərov deyib ki, radikal kökləri təmizləmək üçün həmin qüvvələrə alternativ olaraq, milli mənəvi dəyərlərimizə əsaslanan model üzərində qurulmuş üslub formalaşdırılmalıdır. Bu model yetişən gənc nəslin öz dəyərlərinə sadiq qalması, milli kimliyinə hörmətlə yanaşması və yad mühitdən qaynaqlanan radikal ünsürlərdən qorunması məqsədinə xidmət etməlidir. Həmin modelin sistemli şəkildə tətbiqi günümüzdə radikalizm meyillərinin zəiflədilməsi, eyni zamanda, gələcəkdə baş verə biləcək mənfi halların qarşısının alınması üçün mühüm addım olacaq.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ulu öndər Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisi olduğunu vurğulayıb. Bildirilib ki, dinimizə, adət-ənənələrimizə hörmət hissi, milli mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. O, 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib, dini ekstremizmə qarşı mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. Dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.

Çıxış edən dini icma nümayəndələri dindarlara göstərilən qayğıya görə təşəkkür ediblər. Bildirilib ki, milli mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir.

Seminar-müşavirə müzakirələrlə davam etdirilib. Milli mənəvi dəyərlərimizi, cəmiyyətimizi, dövlətimizi zərərli dini cərəyanlardan, radikalizm və ekstremizmdən qorumaq, bu sahədə fəaliyyətin səmərəliliyini artırmaq, müsbət nəticələr əldə etmək məqsədilə əlaqəli şəkildə vahid təbliğat aparmağın zəruriliyi vurğulanıb. Həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.