CƏMİYYƏT
Radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir
Bakı, 11 avqust, AZƏRTAC
Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) AZƏRTAC-a bildiriblər ki, tədbir komitənin sifarişi ilə çəkilmiş, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin əks olunduğu “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Filmin nümayişindən sonra hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini mayor Surxay Gülməmmədov çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində milli-mənəvi dəyərlərin təbliğinin rolu barədə də fikirlərini bölüşüb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin önəmindən danışıb. Sədr müavini İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. S. Heydərov vurğulayıb ki, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Sədr müavini qeyd edib ki, bütün fəaliyyətimizin hədəfi milli və islami dəyərlərimizin qorunmasına yönəlib.
Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.