ELM VƏ TƏHSİL
Radon qazının təhlükə yaratdığı rayonlarda tədqiqatlar aparılır
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqatlar aparır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir.
Araşdırmalarda GGİ-nin əməkdaşları akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Çingiz Əliyev və Dadaş Hüseynov, böyük elmi işçi Rauf Bağırlı iştirak edirlər.
Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.