SİYASƏT


Rafael Hüseynov AŞPA-nı yeni demokratik ölkələri və onların müstəqilliyini kənar təhdidlərdən və real təhlükələrdən qorumağa çağırdı

Strasburq, 24 yanvar, AZƏRTAC

AŞPA qış sessiyasının ikinci iclasında Assambleyanın əvvəlki prezidenti Rik Dims Büro və Daimi Komitənin inkişaf hesabatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, AŞPA-da nümayəndə heyətimizin üzvü Rafael Hüseynov hesabatla bağlı çıxış edib. Rafael Hüseynov deyib: “Son ayların doğurduğu düşüncələr və suallar çoxdur. Bunun mərkəzində əsas hədəf olan gənc demokratik ölkələrdə müstəqilliyin inkişaf imkanlarının və Avropa Şurası tərəfindən bu istiqamətdə görülməli olan işlərin nəzərdən keçirilməsi, qurumun fəaliyyətinə yeni impulslar verilməsi zərurəti dayanır.

Avropa Şurası dünyanın və qitənin tarixindəki həlledici bir mərhələdə yaranıb, tarixi zərurət kimi təsis edilib. İkinci Dünya müharibəsindən sonra - “soyuq müharibə” dönəmində dünyada və qitədə siyasi prosesin tənzimlənməsində misilsiz xidmətlər göstərib.

AŞ-nin tarixindəki ikinci mühüm mərhələ, onun dünya və Avropa qarşısında cavabdehliyinin növbəti ciddi sınağı 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərinə təsadüf edir. Sosializm düşərgəsinin çökməsi, yeni müstəqil dövlətlərin yaranması, onların əksəriyyətinin Avropa Şurasına daxil olması ilə tarix bu təşkilat qarşısına yeni mühüm vəzifələr qoydu.

Bu prosesləri əvvəldən yaxından müşahidə etmiş şəxs kimi təsdiqləyə bilərəm ki, Avropa Şurası gənc demokratiyaların yetişməsinə, 70 il totalitar sistem daxilində mövcudluqdan sonra müstəqilliyini bərpa etmiş dövlətlərdə demokratik dəyərlərin və təsisatların qısa zaman kəsiyində formalaşmasına son dərəcə əhəmiyyətli kömək göstərib. Həmin üzv ölkələr 30 ildən artıq yol keçmiş və bu yolun 20-25 ilini Avropa Şurası ilə birgə addımlamışlar.

Biz indi həmin demokratiyaların gələcək müqəddəratı və inkişafı ilə bağlı çox həssas və Avropa Şurasının tarixində üçüncü taleyüklü mərhələyə daxil olmuşuq. Bu mərhələ Avropa Şurası qarşısında hər zaman olduğundan da artıq məsuliyyət qoyur.

Bütün inkişaf hesabatlarımızın qarşısında dayanan və inkişafın nədən ibarət olduğunu göstərən ilk amil yeni demokratiya ölkələrini və onların müstəqilliyini kənar təhdidlərdən və real təhlükələrdən qorumağa hansı töhfələri verməyimizdən ibarət olmalıdır. Bu təhdid və təhlükələr getdikcə artan miqyaslarla göz qabağındadır. Bunlara sadəcə hansısa bəyanatlarla reaksiya vermək qətiyyən düzgün sayıla bilməz. Vaxt Avropa Şurası qarşısında bu tarixi mərhələdə mütəmadi və qəti prinsipial mövqe tutmaq öhdəliyini qoyur.

Arzu edirəm ki, hər yeni inkişaf hesabatında məhz yeni demokratiyaları qorumaq, gücləndirmək istiqamətində Avropa Şurasının gerçəkləşdirdiyi ardıcıl ciddi səylərin, əldə etdiyi yeni uğurların və həqiqi inkişafın göstəricisi kimi qiymətləndirilə biləcək addımların şahidi olaq”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.