SİYASƏT


Rafael Hüseynov: Avropada demokratiya böhranının əsas səbəbi ikili standartlardır

Strasburq, 28 aprel, AZƏRTAC

Avropada və dünyada demokratiyanın uzun müddətdir ki, böhran yaşaması hər kəsə bəlli və hamını narahat edən məsələdir.

Demokratik dəyərlər hər birimizə məxsusdur, məhz onlar cəmiyyəti irəli aparan səmt küləyidir. Demokratik gedişatı düçar olduğu naqisliklərdən qurtarmaq beynəlxalq təşkilatların, eləcə də bu proseslərə təsir imkanı olan hər bir insanın mənəvi borcudur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yaz sessiyasında “Avropada demokratiyanı qoruyub saxlamaq və təşviq etmək” adlı məruzənin müzakirələri zamanı deyib.

Bildirib ki, demokratiyanın uğradığı böhran qısa müddət məsələsi deyil. Bu, uzun müddətdən mövcud olan və tədricən üst-üstə qalaqlanan neqativ amillərin artıq korroziyaya uğramasından qabarıq görünməyə başlayan fəsadlardır. Avropada, eləcə də dünyada demokratiyanı içəridən gəmirən ən arzuolunmaz təmayül demokratiya anlayışı ilə birbaşa zidd olan ikili standartlardır. Azərbaycan burada -Avropa Şurasında son 30 il ərzində ikili standartların şahidi olub. Müxtəlif təzahürləri ilə həmin fərqli yanaşma söylənilən demokratiya güvəsi indi də gözlənilməz situasiyalarda qəfildən ortaya çıxır. Çünki ikili yanaşmalar artıq bir xəstəliyə çevrilib, onun intensiv müalicəsinə ehtiyac var.

“Aprelin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev hökumət üzvləri qarşısında çıxış edərkən məhz bu mövzuya uyğun olan çox maraqlı bir məqama toxunub. Qeyd edib ki, Rusiya –Ukrayna müharibəsi diqqət mərkəzindədir və həmin qarşıdurmada Ukrayna ordusu Türkiyənin istehsal etdiyi “Bayraktar” dronlarından geniş istifadə edir və bu silahın uğurları ilə əlaqədar Ukrayna, eləcə də Ukraynanın mövqeyini müdafiə edənlər müsbət fikirlər ifadə edirlər. Lakin zəbt olunmuş torpaqlarını işğalçılardan təmizləmək üçün 2020-ci ilin oktyabr-noyabr aylarında mübarizə aparan Azərbaycan ordusu da eyni dronlardan yararlanırdı. Zahirən oxşar istifadə situasiyalarıdır. Bəs bunun demokratiyanın böhranı, ikili standartlar məsələsinə nə aidiyyəti var? Bu sualın cavabı Prezident İlham Əliyevin üzərində dayandığı incə bir məqamdadır. O, bildirir ki, “vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır”,-deyə R.Hüseynov Avropada mövcud olan ikili standartlara son qoymağın vacibliyini vurğulayıb.

Diqqətə çatdırıb ki, demokratiya tarazlığı çox vacibdir və həmin tarazlığa toxunan təhrif, ən cüzi əyinti kənardan aydın görünür. Onu təkcə təcrübəli siyasətçilər deyil, ən sadə insanlar da aydın görürlər.

Azərbaycanlı deputat qeyd edib ki, fərdi azadlıq, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinə əsaslanan həqiqi demokratiyanın qorunması və təşviq edilməsinə dair öhdəliklərin yenilənməsi, onlara qeyd-şərtsiz əməl edilməsi zəruridir. Demokratiyanın inkişafına mane olan, onun böhranlarına gətirib çıxaran bəd təmayüllər sırasında ilk və qəti imtina edilməli bəla ikili standartlardır. İkili standartlara son qoyularsa problemlər aradan qalxar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.