SİYASƏT


Rafael Hüseynov: Azərbaycan-İtaliya əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək

Roma, 11 may, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Çünki bunu davam etdirəcək möhkəm körpülər var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov deyib.

“Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi əlbəttə ki, tariximizin vacib hadisələrindən biridir. Hər bir millət üçün, o sıradan Azərbaycan üçün ən ali dəyər onun dövlət müstəqilliyi, istiqlalıdır. Əslində İtaliya ilə olan münasibətlərimizin, əlaqələrimizin 30 ili həm də elə müstəqilliyimizin tarixi deməkdir. Azərbaycan müstəqilliyinin bir il öncə qazanmışdı, hətta bir ildən də az bir müddətdə İtaliya ilə diplomatik münasibətlərimiz başlandı və bu günə qədər çox uğurla davam etməkdədir. Əlbəttə ki, qarşıda böyük perspektivləri də var”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Rafael Hüseynov deyib: “İtaliya Parlamentində keçirilən 30 illiyin qeyd edilməsi mərasimində istər italiyalı deputatlar, dövlət adamlarının söylədikləri onu göstərir ki, bu ölkədə Azərbaycana qarşı sonsuz bir məhəbbət var. Bu 30 illik diplomatik münasibətlər tarixi haqqında düşünərkən yenə göz ününə ilk gələn unudulmaz ulu öndər Heydər Əliyev olur. Məhz ümummilli lider Heydər Əliyevin qurduğu ağıllı, uzaqgörən xarici siyasətin nəticəsidir ki, İtaliya ilə hələ uzaq 90-cı illərin əvvəllərində iqtisadi münasibətlərin qurulması, onun gələcək perspektivləri ilə bağlı çox vacib təməllər yarandı. Məhz həmin təməllər səbəb oldu ki, diplomatik münasibətlər də yüksələn xətlə inkişaf etsin. İtaliya Azərbaycanda ilk dəfə səfirliyini açan ölkə oldu. Azərbaycanın səsinin hələ dünyanın çox ölkələrinə çatmadığı, informasiya blokadasında olduğumuz məqamlarda bizim belə dost ölkələrə ehtiyacımız çox idi”.

“Azərbaycanın karbohidrogen ehtiyatlarının istehsalı və nəqli ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə bağlanan müqavilə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına və Azərbaycan istiqlalına ən böyük hədiyyələrindən biri sayılmalıdır. Əslində zahirən bu, iqtisadi müqavilə idi, amma onun çox dərin siyasi mənası var idi. Siyasi mənası ondan ibarət idi ki, sonrakı onillər boyu həmin müqavilə, onun bəhrələri həm dünyanın bir çox mühüm ölkələrini Azərbaycana yaxın etdi, həm onları siyasi cəhətdən Azərbaycana yaxınlaşdırdı, iqtisadi cəhətdən Azərbaycanın gücünü təmin etdi, həm də o müqavilə Azərbaycan üçün zirehə çevrildi. Onun istiqlalını, dövlət müstəqilliyini qoruyan çox vacib bir zireh oldu. Ona görə də, biz Heydər Əliyevin adını, o böyük şəxsiyyətin xatirəsini həmişə minnətdarlıqla anmalıyıq”, - deyə o bildirib.

Akademik vurğulayıb: “Səbəbsiz deyil ki, bu gün İtaliyada, Romada bizim diplomatik münasibətlərin başlanmasının 30 illiyi bayram edilərkən, italiyalı deputatların, italyan dövlət adamlarının dilində, həmin tədbirdə iştirak edənlərin hər birinin yaddaşında ilk səslənən ad, ilk yada düşən böyük bir şəxsiyyət məhz Heydər Əliyev idi. İnanıram ki, Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Çünki bunu davam etdirəcək möhkəm körpülər var. Möhkəm körpülər isə həm İtaliyada, həm də Azərbaycanda olan birincisi böyük bir iradə, əzm, istəkdir ki, bu əlaqələr davam etsin. Digər tərəfdən də ortada çox böyük layihələr var, TAP-dan tutmuş, digər müxtəlif istiqamətlərə uzanan çoxlu vacib layihələr ki, onlar gələcəkdə bəhrələrini verəcək. İtaliyanı gücləndirəcək, Azərbaycanı gücləndirəcək, ölkələrimizin daha yaxın münasibətlərinin, daha möhkəm əlaqələrinin, gələcək yüksəlişlərinin sabahkı bünövrəsinə dönəcək”.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.