SİYASƏT


Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır

Strasburq, 23 yanvar, AZƏRTAC

Azərbaycan işğala məruz qalmış ölkədir. Otuz ilə yaxındır ki, xarici qüvvələrin havadarlıq etdiyi Ermənistan Azərbaycanın ərazisinin 20 faizini zəbt edib. Lakin bu gün Azərbaycana qarşı psevdomedia və sosial şəbəkələr vasitəsilə başqa bir işğal, informasiya təcavüzü aparılır. Söyüş, böhtan, təhqir, saxta məlumatlar, xalqa və dövlətə qarşı aqressiv çağırışlar səngimək bilmir. Elə bu gün burada səslənən bəzi çıxışlar da həmin qara siyasətin davamıdır. Bunların hamısının arxasında konkret qüvvələr, kəşfiyyatlar, maliyyə resursları dayanır. Sosial şəbəkələrdəki anonimlik məsələsi aradan qaldırılarsa, hüquqi mexanizmlər daha sərrast fəaliyyətə başlayarsa, belə xoşagəlməz və qanunazidd hallar azalar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında “Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində” və “Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.

Deputat bildirib ki, yeni dövrün ekoloji təhlükələri sırasında ən narahatlıq doğuranlardan biri informasiya mühitinin çirkləndirilməsidir. Həm də digər ekoloji bəlalardan fərqli olaraq, bu təmayül, istisnasız olaraq, bütün dünyanı əhatə edir. Başlıca səbəb isə hamının eyni “hörümçəyin torun”da olmasıdır.

Hər şeyə təsir edən zaman kütləvi informasiya anlayışının mahiyyətini də dəyişib. Yüz il öncə kütləvi informasiya vasitəsi deyərkən yalnız çap mətbuatı nəzərdə tutulurdusa, çox keçmədən bu sıraya informasiya agentlikləri, radio, televiziya da qoşuldu. Həmin kütləvi informasiya modelinin hakimiyyəti internet erasına qədər davam etdi. İnternet kabusunun bəhrəsi kimi yaranan sosial şəbəkələr son dərəcə qısa bir vaxt ərzində klassik media modelini laxlada, onun müvazinətini poza bildi. Onun yerini tutmadı, amma səviyyəsinin, nüfuzunun aşağı düşməsinə nəzərəçarpacaq ziyan vurmağı bacardı.

Qeyd edilib ki, sosial şəbəkə rəsmi medianın alternativi, rəqibi kimi deyil, ucuz dublikatı kimi ortaya çıxıb. Lakin dublikatın sürəti, intriqası, macəraçı cazibədarlığı çox olduğundan qısa müddətdə cəmiyyət həyatında və düşüncədə özünə yer tutub. Sosial şəbəkə tədricən nəhəng media virusuna çevrilib.

“Sosial şəbəkədəki qeyri-peşəkarlıq təəssüf ki, kütləvi informasiya vasitələrinə daha çox sirayət etməyə, onu içəridən zədələməyə, onu öz kökünə salmağa başladı. Dezinformasiya da, müxtəlif növ təbliğat və antitəbliğat da müəyyən dozalarda mətbuatda həmişə olub. Amma heç vaxt indiki kimi geniş, kütləvi, çılpaq və dağıdıcı səciyyə daşımayıb. Sosial şəbəkədə heç də hər şey pis deyil. Lakin məhz sosial şəbəkə getdikcə daha artıq ölçülərdə informasiya başıpozuqluluğuna, milli, irqi, dini ayrı-seçkiliyə rəvac verən, nifrət yayan çıxışlara meydan açır”, -deyə R.Hüseynov bildirib. O vurğulayıb ki, indi medianın ən çox ehtiyacı olan peşəkarlığın durmadan artırılmasıdır. Peşəkarlığın ali səviyyəsi və güzəştsizlik bu sferaya qeyri-peşəkarların kütləvi axınının qarşısını alar, arzuolunmaz informasiya və çağırışların mediada asudə hərəkətinin qarşısına qoruyucu zireh çəkər. Sosial şəbəkədəki xaosun dayandırılmasının əsas açarı nəzarət mexanizmlərinin gücləndirilməsi, hüquqi cavabdehliyin artırılmasıdır. Sosial şəbəkə istifadəçisi olmaqdan ötrü qeydiyyat sərtləşdirilməli, qapalı imzalılıq qadağan edilməli, hər kəs yalnız öz kimlik vəsiqəsi ilə tanınmalıdır. Potensial istifadəçi hansı qaydalara əməl etməli olması ilə bağlı hüquqi məsuliyyət daşıdığını müəyyən edən müqaviləni təsdiqləməlidir.

R.Hüseynov deyib ki, bu gün peşəkar medianın səlahiyyətlərini getdikcə daha çox mənimsəyən sosial şəbəkə hamını idarə edir. Hətta daha artığını edir - əsarətində saxlayır. Bu, dünya içində bir dünyadır. Hamımız birgə çalışaq ki, həmin aləm daha əxlaqlı, daha səviyyəli, daha demokratik olsun.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.