SİYASƏT


Rafael Hüseynov: Azərbaycanın əməkdaşlıq təklifi bütün region ölkələrinin iqtisadi inkişafına geniş üfüqlər açır

Strasburq, 28 yanvar, AZƏRTAC

Avropa Şurasına üzv olandan Parlament Assambleyasında Ermənistandakı vəziyyət, onun təsisatlarının fəaliyyəti, ölkədə keçirilən parlament və prezident seçkiləri mövzusunda dəfələrlə müzakirələr aparılıb. Müzakirələr ayrı-ayrı vaxtlara, ölkədəki fərqli siyasi vəziyyətlərə, müxtəlif şəxslərin hakimiyyəti dövrünə təsadüf etsə də, məruzəçilər vəziyyəti müsbət qiymətləndirməyə meyilli olmuşlar. Lakin son illərdə Ermənistanda cərəyan edən hadisələr göstərdi ki, əslində, erməni xalqının mövqeyi məruzəçilərin baxışı ilə qətiyyən üst-üstə düşmürmüş.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun qış sessiyasının 9-cu seansında Ermənistan təsisatları barədə məruzənin müzakirələri ilə bağlı avropalı parlamentarilərə təqdim edilmiş yazılı çıxışında əks olunur.

“Ermənistana vaxtilə rəhbərlik etmiş Köçəryan və Sarkisyan rejimlərinin cinayətkar mahiyyəti haqqında burada dəfələrlə səsimizi qaldırsaq da, bu həqiqətləri eşitmək istəyən yox idi. Nəhayət, Ermənistan cəmiyyəti etiraz səsini qaldırdı, onlardan imtina etdi, öz istəyi ilə rəhbər seçdi, dövlət köhnə rejim başçılarının bir sıra cinayətlərini ifşa etdi. Ermənistan cəmiyyəti, əslində, həmin rəhbərlərin seçkilərdə dırnaqarası qələbəsinin də saxta olduğunu təsdiqlədi. Ermənistanda keçmiş cinayətkar başçılara cəza istənildiyi kimi, onları burada mədh etmiş saxtakar məruzəçilərə də bu gün cəza istəyək. Amma belə arzuolunmaz təcrübələr ibrət olmalı, Avropa Şurası adına ləkə olan sifarişlə işləmiş məruzəçilərin acınacaqlı aqibətindən dərs alınmalıdır”, - deyə çıxışda bildirilir.

R.Hüseynov qeyd edir ki, Ermənistanda Baş nazir Nikol Paşinyan dövrünün demokratik təsisatlarının vəziyyətini qiymətləndirərkən, tarixin təklif etdiyi ən düzgün meyarı əsas götürməliyik – xalqın rəyini. Xalq cinayətkar rejim başçısını rədd edərək Paşinyanı seçdi. Sabiq prezidentlərin əsas müəllifləri sırasında olduqları və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci ilin noyabrında Azərbaycanın Qələbə çaldığı 44 günlük müharibə ilə nəticələndi. Sanki təzədən hakimiyyətə gəlmək ehtirası ilə yaşayan və çalışan, revanşist çağırışlarla meydana atılan köhnə qüvvələrin əlinə fürsət düşmüşdü. Amma xalq onları deyil, yenə Paşinyanı seçdi. Bununla sübut və bəyan etdi ki, müharibənin, münaqişənin əleyhinədir, ölkəni illərlə uçuruma aparmış siyasəti heç bir vəchlə qəbul etmir. Bütün bu proseslər ölkədəki demokratik təsisatların fəaliyyət səviyyəsi və demokratik ruhun vəziyyəti barədə müəyyən təsəvvür yaradır. Daha aydın təsəvvürü və Ermənistanın bu sahədə daha qənaətbəxş mövqeyini növbəti addımlar ortaya çıxara bilər.

“Ötən əsrin sonlarından başlayaraq davam etmiş münaqişə Ermənistanı bütün başqa fəsadlardan savayı iqtisadi təcrid və tənəzzül halına gətirmiş, böhranlı bir səviyyəyə çatdırmışdır. İndi yeni perspektivlər açılır. Regionda aparıcı iqtisadi əlaqələndiriciyə çevrilmiş Azərbaycan Ermənistanda daxil olmaqla, bölgə ölkələrinə çoxtərəfli əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq bütövlükdə regionun və həmsərhəd ölkələrin iqtisadi inkişafına geniş üfüqlər açılacağını vəd edir. Ermənistanın bu inkişafda yer tuta bilməsi, ilk növbədə, məhz bu ölkədəki təsisatların necə fəaliyyət göstərəcəyindən, demokratik mühitin nə qədər münbit olacağından asılıdır”, - deyə R.Hüseynov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.