REGİONLAR


Rafael Tağızadə: Mədəniyyət sahəsində işlər sistemli qaydada görülməlidir

Şamaxı, 11 mart, AZƏRTAC

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi xüsusi diqqət mədəniyyətimizin yüksəlişində, mədəni irsimizin mühafizəsində, xalq yaradıcılığının inkişafında, gənclərin asudə vaxtının səmərəli təşkilində, istedadların aşkara çıxarılması və yetişdirilməsində diqqətəlayiq nəticələr qazandırıb. Bütün bu məsələlər bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, görüşdəki çıxışında mədəniyyət sahəsində işlərin sistemli qaydada görülməsi ilə əlaqədar söylədikləri fikirlər Azərbaycan mədəniyyətinin inkişafına göstərilən diqqət və qayğının parlaq nümunəsidir.

Bu fikirləri İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rafael Tağızadə AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə səsləndirib. R.Tağızadə vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin səyləri nəticəsində Azərbaycan mədəniyyətinin inkişafı, dünyaya tanıdılması sahəsində böyük nəticələrə nail olunub. Təkcə son bir ildə mədəniyyət tariximizdə yaddaqalan çoxsaylı tədbirlər, o cümlədən təşkil edilən sərgilər, yubiley gecələri, forumlar, konfranslar, müsabiqələr, festivallar və digər mədəni hadisələr, həm də mədəniyyətimizin dünyaya tanıdılmasında mühüm hadisələrdir.

R.Tağızadə Şamaxı rayonunda da mədəniyyət sahəsində böyük işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, ölkə başçısının ayırdığı vəsait hesabına 743-cü ilə aid Şamaxı Cümə məscidində, 755-ci ilə aid Dəmirçi məscidində əsaslı bərpa və yenidənqurma işləri aparılıb, müsəlman aləminin ən qədim, müqəddəs ibadətgahlarından ikisi xalqımızın istifadəsinə verilib.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Şamaxıda Heydər Əliyev Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Dəmirçi Arxeologiya Muzeyi üçün yeni binalar tikilib, mərkəzin və muzeylərin ekspozisiyası müasir standartlara uyğun qurulub, rayon Mədəniyyət Mərkəzinin binası əsaslı təmir olunub, Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası yenidən qurulub. Dəmirçi turizm və sənətkarlıq kompleksi yaradılıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə mütəfəkkir şair İmadəddin Nəsimiyə həsr olunan şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Azərbaycanın ədəbiyyat və mədəniyyət paytaxtı Şamaxı şəhərindən start götürüb və 4 gün davam edib. Məlum olduğu kimi, 2019-cu il “Nəsimi ili” elan edilib. Bu da Prezidentimizin Azərbaycan mədəniyyətinə diqqətinin növbəti bir nümunəsidir.

Uzun illər mədəniyyət sahəsində səmərəli çalışan Şamaxı aşıqlarına, musiqiçilərinə, muzey işçilərinə fəxri adlar verilib ki, ölkə başçısının mədəniyyət, incəsənət işçilərinə göstərdiyi bu diqqət və qayğı şamaxılılar tərəfindən minnətdarlıqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.