CƏMİYYƏT
Rafiq Əzimov: Uşaqdan böyüyə hamımız Prezidentimizin yanındayıq və onu dəstəkləyirik
Bakı, 1 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Sevincimin həddi-hüdudu yoxdur. Bu xoş xəbərləri hamı kimi mən də çoxdan gözləyirdim. 30 ildir ki, bədnam qonşumuzun xəyanəti üzündən ürəyimiz nisgilli, qəlbimiz narahat idi. Gözləyirdik ki, işğal altında olan torpaqlarımız nə vaxt işğaldan azad ediləcək? Nəhayət ki, həsrətimiz sona yetir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev səbirlə, təmkinlə gözləyərək, uzaqgörən siyasət yürüdərək sonunda öz sözünü dedi və qərarını verdi. Ali Baş Komandanın əmri və tapşırığı ilə bu gün bütün xalq ayaqdadır. Uşaqdan böyüyə hamımız Prezidentimizin yanındayıq və onu dəstəkləyirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış aktyor, Xalq artisti, “Şöhrət” ordenli Rafiq Əzimov deyib.
Xalq artisti şanlı ordumuzun döyüş rəşadəti sayəsində düşmən təxribatının mərdliklə qarşısını aldığından fərəhləndiyini diqqətə çatdırıb: “Ordumuzun uğurlarını eşidəndə qəlbim dağa döndü. Şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağ torpağını qarış-qarış düşmən tapdağından azad edir. Bundan gözəl nə ola bilər!?”
Rafiq Əzimov bildirib ki, Cəbrayılın, Füzulinin kəndləri, Murovdağ silsiləsindəki Murov zirvəsi düşmən tapdağından azad olunanda ilahi ədalətin varlığına bir daha inanıb.
Xalq artisti deyib: “İnanıram ki, şanlı ordumuzun rəşadəti sayəsində üçrəngli müqəddəs bayrağımız tezliklə Qarabağımızda dalğalanacaq. Ağdamda, Şuşada, Xankəndində, Kəlbəcərdə zəfər marşlarını çalacağıq. Biz Qələbə gününü Ali Baş Komandanımızla birgə qeyd edəcəyik.
Bu gün bütün evlərin eyvanlarından müqəddəs üçrəngli bayrağımız yellənir. Məktəbli uşaqların “Can Azərbaycan, “Can, Qarabağ” deyərək əllərində bayraqla qışqırması insanın qəlbini fərəh hissi ilə doldurur. Qarabağ bizimdir, bizim də olacaq. Allah ordumuzu, xalqımızı və Prezidentimizi qorusun!”