MƏDƏNİYYƏT


Rafiq Əziz: Torpaqlarımızın otuz illik işğaldan azad olunması xəbərini eşitmək möhtəşəm hissdir

İstanbul, 9 oktyabr, AZƏRTAC

Keçən il sentyabrın 27-də, dünyanı bürüyən ağır pandemiya şərtlərinin davam etdiyi bir dövrdə Vətən müharibəsinin başladığı xəbərini eşitdim. Elə həmin anda hər bir azərbaycanlı kimi illərdir əzilən qürurumun dirçəldiyini hiss etdim. İlk gündən Ali Baş Komandanımız İlham Əliyevin qürurverici çıxışları, müzəffər Ordumuzun parlaq nailiyyətləri hər kəs kimi məni də çox sevindirirdi. Elə müharibə başlayan andan dövlətimizin başçısının müdrik fəaliyyətləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşdi. Bu, misli görünməyən mənzərə idi. Hər axşam Prezidentimizin dilindən müzəffər Ordumuzun əldə etdiyi nailiyyətləri gözləyirdik. Hər ötən gün uzun illər əzilən qürurumuz bir az daha dirçəlirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yeditəpə Universitetinin professoru, rəssam Rafiq Əziz deyib.

O günləri Vətəndən uzaqda izləsə də qəlbinin hər an Azərbaycanda, həmvətənlərinin yanında olduğunu vurğulayan Rafiq Əziz bildirib: “Otuz ildən bəri işğal altında olan torpaqlarımızın, xüsusilə ard-arda rayon və qəsəbələrimizin, yüzlərlə kəndimizin azad olunması xəbərini eşitmək möhtəşəm bir hissdir. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ermənistan təkcə ön cəbhədə deyil, hər sahədə darmadağın edildi. Prezident İlham Əliyevin xarici ölkə jurnalistlərinə ingilis, rus, türk dillərində verdiyi müsahibələr həqiqətlərin anında bütün dünyaya çatdırılmasında böyük rol oynadı”.

Rəssam qeyd edib ki, Şuşanın alınması xəbərini böyük səbirsizliklə gözlədiyirdi: “Azərbaycanlı olaraq bu qüruru bizə yaşadan başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, müzəffər Ordumuzun hər üzvünə və hər zaman olduğu kimi, Vətən müharibəsi günlərində də yanımızda dayanan qardaş Türkiyə dövlətinə və xalqına təşəkkürümü bildirir, Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, Zəfərin mübarək can Azərbaycan deyirəm”.

Qeyd edək ki, Azərbaycanın şanlı Zəfərinin və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Rafiq Əzizin təklif və eskizi əsasında Türkiyə zərbxanasında iki nüsxədə (“20 türk lirəsi” və “50 Azərbaycan manatı”) “Qarabağ Azərbaycandır” simvolik pulu hazırlanıb.

Rəssam, eyni zamanda, Xocalı soyqırımı zamanı hər iki valideynini itirən on uşağın Türkiyədə orta və ali təhsil almasını təmin edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.