REGİONLAR
Rafiq Qasımov: Festival çox gözəl, möhtəşəm və geniş ərazidə təşkil olunub
Göygöl, 29 iyul, Elcan Məmmədov, AZƏRTAC
Bu gün Hacıkənddə II Milli Yaylaq festivalında iştirak edirik. Festival çox gözəl, çox möhtəşəm və çox geniş bir ərazidə təşkil olunub. Bütün təşkilatçılara, eyni zamanda, “Cavad xan” Tarix və Mədəniyyət Fonduna dərin təşəkkürümüzü bildiririk. Burada çoxsaylı gənc könüllülərin iştirakı milli mədəniyyətin təbliğinə yönəlmiş Yaylaq Festivalına xüsusi önəm verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında II Milli Yaylaq Festivalının iştirakçısı Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov deyib.
Rafiq Qasımov bildirib ki, festivalda mədəniyyət guşələrinin və səhnələrin qurulması, mədəni proqramın tərtibi, kollektivlərin çıxışları olduqca yüksək səviyyədə təşkil olunub. Festivalı daha maraqlı edən digər bir səbəb isə bu tədbirin keçirilməsi üçün seçilmiş məkanla, yəni əsrarəngiz Xan yaylağı ilə bağlıdır. Məhz Milli Yaylaq Festivalı kimi böyük marağa səbəb olan tədbir tarixi mədəni irsimizin, məişət ənənələrimizin təbliği və yaşadılması, respublikamızın bölgələrinin, xüsusən də Göygölün, Hacıkəndin turizm potensialının inkişafı üçün olduqca vacib layihədir.