CƏMİYYƏT


Rahim Əliyev: Qeyri-infeksion xəstəliklərlə ciddi şəkildə mübarizə aparılmalıdır

Bakı, 19 dekabr, AZƏRTAC

Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələnmənin və ölüm hallarının əsas səbəbləri arasında qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. Bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə (QİX) ciddi şəkildə mübarizə aparılmalıdır. Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür, bütün qurumlar birgə mübarizə aparmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Nazir müavinin sözlərinə görə, qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir. Bildirib ki, dünya üzrə əhalinin yaşlanma göstəricisi artır: "Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərlə mübarizə diqqət mərkəzindədir. Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır - 48 faiz. Yüksək gəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 26 faizdir".

R.Əliyev həmçinin qeyd edib ki, QİX hallarının böyük əksəriyyətinin baş verməsi tütündən, spirtli içkilərdən sui-istifadə, fiziki passivlik və qeyri-sağlam qidalanma kimi davranış risk faktorları ilə bağlıdır. Bu risk faktorları isə yüksək qan təzyiqi, piylənmə ilə nəticələnən artıq bədən çəkisi, hiperqlikemiya (qanda şəkərin artması) və hiperlipidemiya (qanda piylərin artması) kimi təhlükəli fizioloji dəyişikliklərə gətirib çıxara bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.