CƏMİYYƏT
Raidə Əmirbəyova “Debütlər birliyi” Beynəlxalq mükafatına layiq görülüb
Moskva, 26 noyabr, AZƏRTAC
“Ailə” İctimai Birliyinin sədr müavini Raidə Əmirbəyova “Debütlər birliyi” Beynəlxalq mükafatına layiq görülüb.
AZƏRTAC MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) saytına istinadla xəbər verir ki, Humanitar Əməkdaşlıq Şurası və DHƏF tərəfindən təsis edilmiş bu mükafat MDB məkanında “Ailə İli” elan edilmiş 2017-ci ilin yekunlarına əsasən təqdim olunur. 2018-ci ildə bu mükafata ailə təsisatının tədqiqi və dəstəklənməsi sahəsində fəaliyyət göstərən altı gənc mütəxəssis layiq görülüb.
Raidə Əmirbəyova ailə və uşaq hüquqlarının müdafiəsi sahəsində çoxsaylı elmi işlərin və sosial-analitik araşdırmaların müəllifidir. Onun elmi əsərləri həm Azərbaycanda, həm də başqa ölkələrdə dərc olunur.
O, Azərbaycan Respublikasının ailə siyasətinin formalaşmasına verdiyi töhfələrə görə dəfələrlə ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının fəxri fərmanları ilə təltif edilib.
“Debütlər birliyi” beynəlxalq mükafatı 2008-ci ildə təsis edilib. Bu mükafat hər il təsisçilər tərəfindən müəyyən edilən humanitar sahədə gənc (yaşı 35-ə qədər olan) mütəxəssislərə verilir. Mövcud olduğu illər ərzində bu mükafat şair, həkim, pedaqoq və alimlərə, tarix və mədəniyyət abidələrinin qorunması üzrə mütəxəssislərə, idmançı və məşqçilərə, turizm təşkilatçılarına təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva