DÜNYA
Ramadi şəhərinin mərkəzində İraq bayrağı qaldırılıb
Bakı, 28 dekabr, AZƏRTAC
İraqın hakimiyyət orqanları Ramadi şəhərini İŞİD yaraqlılarından tamamilə təmizləndiyini bəyan edib. Bu, İraq ordusunun terrorçularla mübarizədə qazandığı ilk böyük nailiyyətdir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, artıq şəhərin mərkəzində İraqın dövlət bayrağı qaldırılıb. Son döyüşlər burada yaraqlıların əldə saxladıqları hökumət binaları kompleksində gedib. İndi isə şəhəri geri çəkilən terrorçuların yerləşdirdikləri çoxsaylı partladıcı qurğulardan təmizləmək lazım gələcək.
Xatırladaq ki, Ramadi İraqın mərkəzi hissəsində, paytaxt Bağdadın 100 kilometrliyində yerləşir. Mayın əvvəllərində İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar buradakı bütün körpüləri də partladıblar.
Hakimiyyət orqanlarının növbəti hədəfi yay aylarından İŞİD-in əlində olan Mosulu azad etməkdir.