CƏMİYYƏT
Ramana qəsəbəsində 150 kvadratmetr sahə məişət tullantılarından təmizlənib
Bakı, 29 iyun, AZƏRTAC
Bakı şəhəri Yeni Ramana qəsəbə sakini Ə.Cabbarovun yaşadığı ünvanın yaxınlığındakı ərazinin zibilliklərdən təmizlənməsi ilə əlaqədar müraciəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən şikayətçinin və bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, əraziyə baxış keçirilən zaman 150 kvadratmetr sahədə məişət tullantılarının qalaqlandığı, kommunikasiya xətlərinin və neft buruqlarının mövcud olduğu müəyyən edilib.
Tullantıları atan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi məqsədilə nazirlik tərəfindən Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub.
ETSN əməkdaşları tərəfindən Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Ramana Bələdiyyəsinə verilmiş məcburi göstərişin icrası olaraq ərazi məişət tullantılarından təmizlənib və tullantıların atılmasını qadağan edən xəbərdaredici lövhə yerləşdirilib.