CƏMİYYƏT
Ramanıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 26 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Sabunçu rayonunda Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu məlum olub. Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq, əvəzində bitki mənşəli yağ əlavə edildiyi aşkar olub. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərə qablaşdırılaraq üzərinə heç bir etiket məlumatları qeyd edilmir.
Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.