CƏMİYYƏT
Ramazan ayı münasibətilə “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verilib
Bakı, 19 aprel, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımıza xas olan xeyirxahlıq, humanizm və yardımlaşma kimi yüksək mənəvi dəyərlərin qorunmasına böyük əhəmiyyət verir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurum ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar iftar süfrələrinin və kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətləri nəzərə alaraq, müqəddəs Ramazan ayı münasibətilə “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verib.
Kampaniya çərçivəsində vətəndaşlar bank hesabı vasitəsilə Fonda ianə edə bilərlər. Fond toplanılan ianə hesabına şəhid ailələri, müharibə əlilləri və özünəqulluq qabiliyyətini itirmiş aztəminatlı vətəndaşların ailələrinə yardım etməyi nəzərdə tutur.
Qeyd edək ki, daxil olan ianələr və edilən yardımlar barədə məlumatlar mütəmadi olaraq Fondun saytında və sosial şəbəkə hesablarında paylaşılacaq.