CƏMİYYƏT
Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarə olunması ilə əlaqədar elmi-praktiki konfrans keçiriləcək
Bakı, 17 aprel, AZƏRTAC
İslam təqvimində Ramazan ayı müqəddəs ay hesab edilir. “On bir ayın sultanı” adlandırılan Ramazan ayında gecələrin birində müqəddəs kitabımız “Qurani-Kərim” nazil olub. Ramazan ayı orucluq, nəfsin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Orucluq dövründə insan dünya ləzzətindən əl çəkir, ibadət edir, nəfsini təmiz saxlayır.
Müqəddəs Ramazan ayında oruc tutanların xroniki xəstəliklərin kəskinləşməsi baş verə və onlar orucu dayandırmaq məcburiyyətində qala bilərlər. Xroniki xəstəlikləri olanlara profilaktik yardım göstərmək və onlara orucu davam etdirməyə kömək göstərmək də savab işdir. Praktik həkimlərə həmin məsələlərin həll edilməsi yollarını göstərmək məqsədilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Müqəddəs Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda elmi-praktiki konfrans təşkil ediləcək.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, aprelin 26-sı saat 13-də institutun akt zalında keçiriləcək konfransda Ramazan ayında şəkərli diabetin, ürək-damar xəstəliklərinin, ağciyərin qeyri-infeksion xəstəliklərinin, ürək çatışmazlığının, həzm sistemi xəstəliklərinin və bəzi endokrin xəstəliklərinin idarə olunması mövzularında çıxışlar olacaq.