REGİONLAR
Ramazan bayramı günlərində Qəbələyə böyük turist axını olub
Qəbələ, 8 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
İsti yay aylarında Qəbələ rayonu gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici olur.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a bildirib ki, bayramla əlaqədar fürsətdən istifadə edən turistlər bu günlərdə Qəbələyə üz tutublar. Kanatla dağ gəzintisi, atla meşələrdə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşib. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.
Ümumiyyətlə Qəbələ rayonunda otel və restoran xidmətlərinə görə qiymətlər ötən illə müqayisədə xeyli aşağı salınıb ki, bu da müştərilərin ürəyincədir. Keçən il rayondakı “Karvan” otelində ikinəfərlik ən ucuz nömrə 50 manat idisə, bu ildən həmin otaqlar müştərilərə 35 manata təklif edilir. Təbiət qoynunda dincəlməyə üstünlük verən turistlər Qəbələdə əsasən Nohur gölü və “Yeddi Gözəl” şəlaləsini çox sevdiklərini deyirlər. Turistlər istirahət etmək üçün indiki vaxtda xarici ölkələrə getməyə ehtiyac olmadığını, Qəbələdə ucuz qiymətə istirahət üçün hər cür şərait yaradıldığını bildirirlər. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahət etməyə üstünlük verirlər. Bir gün üçün ötən il 40 manat, bu il isə 30-20 manat ödəməklə kirayə götürülən kənd evlərində 4 nəfərlik bir ailə rahat şəkildə qalıb istirahət edə bilir. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Həmçinin, turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.
Bayram günləri ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçiriblər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşiblər. Sonra turizm şirkətinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış ediblər. Turistlər gündə 3 dəfə yeməklə təmin olunub və mənzərəli yerlərdə xatirə şəkili çəkdirmək imkanı əldə ediblər.
Şöbə müdiri Nargilə Qafarova qeyd edib ki, bayram tətili günlərində rayona 3000-ə yaxın turist gəlib. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-i beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Ötən il Qəbələyə 50 min 350 nəfər yerli və xarici turist gəlib. Bu il turistlərin sayının daha çox olacağı gözlənilir.