İQTİSADİYYAT
Ramazan bayramı günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək
Bakı, 23 iyun, Elvira Məmmədova, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur. Eyni zamanda, məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.
Vətəndaşlar rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar xətt"lə əlaqə saxlaya bilərlər.