CƏMİYYƏT
Ramazan bayramında 200 mənzil və 50 avtomobilin təqdim olunması islam dəyərlərinə sadiqliyin bariz göstəricisidir
Bakı, 7 may, AZƏRTAC
Prezident İlham Əliyevin sosialyönümlü siyasi xəttində əsas prioritet ölkəmizin suverenlik və müstəqilliyinin qorunması, xalqın rifahının yaxşılaşmasıdır. 2020-ci ilin payızında xalq-dövlət birliyinin həmrəylik nümunəsinə çevrilən 44 günlük Vətən müharibəsində Qələbə qazanılmasını təmin edərək öz canını ana torpaq uğrunda qurban verən şəhidlər, qəhrəman qazilər, igid Vətən oğulları bizə möhtəşəm Zəfər sevinci yaşatdılar. Dövlət başçısının tapşırığı ilə xalqımızın, eləcə də onun həssas təbəqəsi olan şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həmin ailələrin sağlamlıq və məşğulluq problemlərinin, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşması üçün çox mühüm və vacib tədbirlər həyata keçirilib. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istər onların mənzil və minik avtomobilləri ilə təmin olunması, istərsə də pensiya, təqaüd və müavinətlərin vaxtlı-vaxtında ödənilməsi sahəsində xeyli işlər görüb və bu sahədə tədbirlər ardıcıl və məqsədyönlü olaraq davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev deyib.
Deputat bildirib ki, bu sahədə çox vacib işlərdən biri həmin kateqoriyaya aid olanların mənzil təminatıdır, çünki mənzil ən vacib sosial məsələdir.
“Həmin təbəqədən olan vətəndaşlarımızın bir qismi də Ramazan bayramında sevindi. Belə ki, mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin açılışda iştirak etdilər. Müqəddəs Ramazan bayramında şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunması islam dəyərlərinə sadiqliyin bariz göstəricisidir.
Ümumiyyətlə, postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib və onlara 166 min xidmət göstərilib. Həmin dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı beş dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub”, - deyə A.Nağıyev qeyd edib.
Əmək və sosial siyasət komitəsinin üzvü müharibə əlillərinin son nəsil protezlər, reabilitasiya vasitələri, reabilitasiya xidmətləri ilə təminatının da yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb.