MƏDƏNİYYƏT
Ramazan bayramında küveytli turistlər Azərbaycana axın edəcəklər
Qahirə, 29 aprel, AZƏRTAC
Küveyt kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, Ramazan bayramı tətili günlərində (28 aprel – 07 may) Küveyt Beynəlxalq Aeroportundan səfər edən və ölkəyə gələn sərnişinlərin sayı 352 min nəfərdən artıq olacaq.
AZƏRTAC xəbər verir ki, Küveyt Baş Mülki Aviasiya İdarəsinin əməliyyatlar sektorunun müdiri Mənsur Əl-Haşimi yerli mətbuata verdiyi açıqlamada Ramazan bayramı ərəfəsində Azərbaycanın da küveytli turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biri olacağını bildirib. O, bayram ərəfəsində küveytli turistlərin ən çox səfər etdikləri istiqamətlərin siyahısında (London, Paris, İstanbul, Dubay, Qahirə, Beyrut, Bakı və Ciddə) ölkəmizin paytaxtı Bakının da adını qeyd edib.
Küveyt Dövlətinin Planlaşdırma və Layihələr üzrə Baş Mülki Aviasiya İradəsinin rəis müavini Saad Əl-Uteybi isə jurnalistlərə bildirib ki, Küveyt Hava Limanı bayram tətili ərəfəsində 2800 reysi qəbul etməyə və yola salmağa hazırdır. Onun sözlərinə görə, müxtəlif marşrutlar üzrə 76 əlavə aviareys yerinə yetiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə