MƏDƏNİYYƏT


Rami Meir: Azərbaycan xalçaları dünya bazarında ənənəvi milli üslubuna, çeşidinə görə qiymətli sənət əsərləri kimi dəyərləndirilir

Rami Meir: Azərbaycan xalçaları dünya bazarında ənənəvi milli üslubuna, çeşidinə görə qiymətli sənət əsərləri kimi dəyərləndirilir

Bakı, 24 sentyabr, Məmməd Məmmədli, AZƏRTAC

İnsan harada məskunlaşıb yaşamasından asılı olmayaraq, doğulduğu yurd onu hər zaman özünə çəkir. Məqam düşdükcə vətənini görməyə, insanları ilə bir arada olmağa can atır və doğmaları arasında rahatlıq tapdığından özünü bəxtiyar hiss edir. Əslən Azərbaycandan olan, yüzillərdi çoxmillətli xalqların qaynayıb qarışdığı vətənimizdə doğulan dağ yəhudisi rəssam Rami Meir də belə düşünür...

AZƏRTAC-ın müxbiri uzun illərdən sonra Bakıya qayıdan şair, nasir, rəssam, Rusiya Dağ Yəhudiləri Rəssamlar Birliyinin sədri, İsrail Dağ Yəhudiləri Rəssamlar Birliyinin və İsrail Dağ Yəhudiləri Yazıçılar Birliyinin üzvü, “Rami Meir Art” studiyasının rəhbəri Rami Meirlə görüşüb, zəngin yaradıcılıq axtarışları və gələcək planları barədə fikirlərini öyrənib.

-Günəşli Azərbaycana, Vətənə xoş gəlmisiniz. Uzun illərin ayrılığından sonra Bakı ilə yenidən görüşünüz sizdə hansı xatirələri oyatdı?

-Çox şadam ki, yenidən Bakıdayam. Azərbaycan mənim doğma vətənimdir. Hər dəfə Vətənə gələndə böyük fərəh hissi yaşayıram. Azərbaycanın nəinki Qafqazda, həmçinin dünya tarixində zəngin və olduqca maraqlı ənənələri var. Azərbaycan tarix boyu özünün milli-mənəvi dəyərlərinə, zəngin mədəniyyətinə görə Avropa və Şərq xalqlarının görməyə, yaşamağa can atdığı bir məkan kimi tanınıb. Zaman-zaman buraya gələnlər arasında Nobel mükafatı almış böyük şəxsiyyətlər də olub. Məlumdur ki, Azərbaycan xalqının mənəvi dəyərləri sırasında xeyriyyəçilik kimi ənənəsi də var. Bildiyimə görə, Bakıda gözəl şərq üslubuna xas olan bir sıra binaları məhz xeyriyyəçi Hacı Zeynalabdın Tağıyev, Musa Nağıyev kimi milyonçular tikdirib. Xalqına xidmət edən belə insanlara sayğılarımız böyükdür.

-Səhv etmirəmsə, sizin xalça üzərində ilk imzanız “Azərxalça” ilə bağlıdır.

-İlk olaraq deməliyəm ki, keçən il Milli Xalça Muzeyində bizim sərgimiz açılmışdı. Həmin sərgi mənim “Azərxalça” ilə olan ilk iş birliyim idi. Sərgidə 3 rusdilli yəhudi qızının təsviri olan “Qubalı xalçaçılar” işimlə yanaşı digər əsərlərim də təqdim olunmuşdu. Onu da deyim ki, həmin xalça ziyarətçilərin böyük marağına səbəb oldu. Əlbəttə, bu məni çox sevindirir. Hesab edirəm ki, hər hansı bir sənət adamının kamil sənətkar kimi yetişməsində ustadlarının zəhməti böyükdür. Onları hər zaman yad etmək bizim mənəvi borcumuzdur.

Aydındır ki, hər bir əsəri işləmək insandan səbir, zəhmət, ən başlıcası da peşəkarlıq tələb edir, xüsusən də xalçaçılıq sənəti. Buna görə də xalçaçı xanımlara hörmətim böyükdür və mən ”Xalçaçı qızlar” əsərini yaradarkən istəmişəm ki, hər kəs onların üzündəki yaratmaq həvəsini, sevgisini görsünlər, kim olduqlarını tanısınlar. Azərbaycan xalçaları dünya bazarında ənənəvi milli üslubuna, çeşidinə görə qiymətli sənət əsərləri kimi dəyərləndirilir. Hələ XVII əsrdə İngiltərə, Fransa zadəganlarının evlərinə xüsusi yaraşıq verən Azərbaycan xalçaları bütün dünyaya səs salmışdı. Bilirik ki, ermənilər vaxtilə Azərbaycan xalçalarını dünya bazarlarında, muzeylərində özlərinin əl işi kimi nümayiş etdiriblər. İndi həmin xalçaların bir çoxu Azərbaycana gətirilib və hesab edirəm ki, bu işi davam etdirmək olduqca vacibdir. Buna görə də Milli Xalça Muzeyinin eksponatlarını çox bəyənir, dəyərləndirirəm və sərgimin məhz muzeydə keçirilməsindən məmnunluq duyuram.

-Bildiyimizə görə, 40 il bundan əvvəl Moskvada sərginiz açılmalı idi. Sərginin bu qədər gecikməsinə səbəb nə olub?

-Bəli, mənim Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Rami Meir. 40 ildən sonra qayıdış” sərgim keçirilir. Sərginin adının arxasında kiçik bir tarixçə qeyd olunub: 1982-ci il. Məhz o zaman, 20 yaşım olanda bu sərgini Azərbaycanın görkəmli sənət nümayəndələri ilə birgə açmaq və öz əsərlərimi nümayiş etdirmək fürsəti qazanmışdım. Həmin sərgidə döymə pannodan ibarət 20 əsər nümayiş olunmalı idi. Ancaq həmin əsərlər oğurlandığı üçün mən onları sərgiləyə bilmədim. Xoşbəxtlikdən 2 əsərim özümdə qaldığından və sonradan gəlinimə hədiyyə etdiyim üçün onlar bu günədək qorunub və mən 40 ildən sonra “Rami Meir. 40 ildən sonra qayıdış” sərgisində həmin “Qızılgülün üstünlüyü” və “Qladiatorların döyüşü” pannolarını işlədiyim yeni əsərlərlə birgə ictimaiyyətə təqdim edə bildim. Bakıda doğulsam da köküm Qubadandır. Moskvadakı sərgidə istəyirdim ki, əsərlərimlə dağ yəhudiləri, onların tarixi və mədəniyyətinə verdikləri töhfələri barədə danışım. Əsrlər boyu dağ yəhudiləri zərgərliklə məşğul olub, qadınlar üçün bəzək əşyaları düzəldiblər. Onların arasında hətta qılınc, xəncər ustaları da olub. Dağ yəhudilərinin mədəniyyətində Azərbaycan adət-ənənələrinin elementləri üstünlük təşkil edir. Siz onların libaslarından tutmuş, zinət əşyalarına qədər azərbaycanlılarla ümumi xarakterə, mənəvi xüsusiyyətlərə malik olduğunu görə bilərsiniz. Fərqli olan yalnız bir şey var ki, yəhudi olduqlarını sübut etmək üçün düzəltdikləri əşyalara xüsusi simvollar həkk etdirirdilər.

-Xalçaçılıq sənətinin inkişafında yeni ideyalarınız, təklifləriniz olubmu?

-Mənim “Azərxalça” ilə bir neçə layihəm olub və onların əsasında 3 xalça toxunub. Biz ilk dəfə “Xalçaçı qızlar” xalçasını yaradanda qarşımızda bir çətinlik dayanmışdı. Biz onların portretlərini işləyəndə elə etməliydik ki, qızların üzlərindəki yaratmaq həvəsi, sevgisi aydın görünsün. Bu, olduqca çətin iş idi. Ona görə də xalçanın toxunmasında bir deyil, Azərbaycanın beş peşəkar sənətkarı iştirak edirdi.

Sentyabrın 20-də Qubada mənim artıq 4-cü – “Ruhun yüksəlişi” xalçamın kəsim mərasimi keçirildi. Bu, yaradıcılıq işidir, odur ki, məqamı gələndə məndə yeni ideyalar yaranır və fikirlərim düzgün başa düşüləndə, onlara yenilikçi bir tərzdə yanaşılanda görülən iş də keyfiyyətli alınır. Bildiyimiz kimi, xalçanın toxunmasında xüsusi texnologiyadan istifadə olunur. Xalça toxunduqca vurulan hər bir ilmədən sonra xovlar kəsilir. Söhbət əsnasında “Azərxalça”nın rəhbəri Emin Məmmədova təklif etdim ki, xovlar saxlanılsa onlardan istifadə etmək olar. Bildirdim ki, xovların uzun olması xalçaya həcm verir və mən onun üzərində fiqurlar, müxtəlif formalar təsvir edə bilərəm. O, mənim bu təklifimi qəbul etdi və biz “Ruhun yüksəlişi” xalçasını ərsəyə gətirdik. Onu da deyim ki, mən xalçalarda əlvan rənglərdən istifadə edirəm. Bu, bir növ daxili aləmimi əks etdirir. Düşünürəm ki, Bakıda doğulmasaydım daha tünd, qəmgin rənglərdən istifadə edərdim.

-İctimaiyyətə açıqlamadığınız layihələr barədə nə deyərdiniz?

-Mən hazırda paralel olaraq heykəltəraşlıq sahəsində də çalışıram. Bu sahədə indi insanları təəccübləndirmək çətindir. Yadımdadır, tanınmış heykəltaraşlardan biri fərqlənmək üçün kök qadınlardan ibarət bir neçə heykəl düzəltmişdi. Bu vaxta qədər heç kimin ağlına gələ bilməyən ideyanı o, məhz belə gerçəkləşdirmişdi. Sən başqalarından fərqlənmək üçün gərək yenilikçi olasan, fikirlərində kimisə təqlid etməyəsən. Beləliklə, yaratdığın əsərlərə özəllik qatmalısan. Yaxın zamanlarda yeni layihə üzərində işə başlayacağam. Haqqında danışdığım layihə heykəltaraşlıqla bağlıdır. İstəyirəm “7 gözəl qadın haqqında ballada” adlı 7 qadın heykəli ucaldım. Heykəllər müasir 3D texnologiyası əsasında hazırlanacaq. İndiyə qədər heç kəs bunu etməyib. Heykəlin ən azından biri hazır olandan sonra mən onun yaradılma texnologiyası barədə ictimaiyyətə geniş məlumat verəcəyəm. Bu gün yalnız onu deyə bilərəm ki, dairəvi formada düzüləcək heykəllərin mərkəzindəki kiçik meydançada uşaqlardan ibarət kompozisiya olacaq və hər qadın heykəli öz süjeti ilə seçiləcək, bir növ öz hekayəsini danışacaq.

-Maraqlıdır, düşüncələrinizi xalça sənətindən savayı incəsənətin başqa bir sahəsində həyata keçirmisinizmi?

-Zərgər olduğum üçün metallarla işləmək təcrübəsinə malikəm. Şəxsi kolleksiyamda qızıl və gümüşdən hazırladığım sikkələr var. Onları çəkdiyim rəsmlərin motivləri əsasında hazırlamışam.

Mən həm də müxtəlif aforizmlər müəllifiyəm. “Bakılılar Qafqazın çoxmillətli aristokratiyasıdır” aforizmi mənə məxsusdur. Bu fikrin arxasında Azərbaycanın tolerantlığı dayanır. Müsahibənin əvvəlində də dediyim kimi, vaxtilə dünyanın tanınmış simaları Azərbaycana gəlib, Abşeron yarımadasında məskunlaşıblar. İllər keçdikcə onlar odlar diyarına bir aristokratiya gətirmiş və bu şəhərin formalaşmasında böyük rol oynamışlar.

Bundan əlavə, sözləri və musiqisi mənə məxsus olan 32 mahnının müəllifiyəm. Mən bu layihəni Rusiyanın tanınmış bəstəkarı İqor Timokovla birgə işləmişəm. Mahnıların 16-sında məni Fransanın Milli Orkestri müşayiət edib.

Gördüyünüz kimi, maraq dairəm, yaradıcılıq sahələrim çoxdur. Onu da qeyd edim ki, bu sahələrin hər birində öz istəklərimi, arzularımı, ideyalarımı ifadə etməyə çalışır və belə bir yaradıcılığı ömrümün mənası hesab edirəm.

-Sizə işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.