MƏDƏNİYYƏT


Rami Meirin 40 il nümayiş olunmayan xalçaları Moskvada sərgilənib

Bakı, 5 avqust, AZƏRTAC

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın əl işləri ilə yanaşı, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı çərçivəsində Meirin rəsmlərinin süjetləri əsasında ASC-nin emalatxanalarında azərbaycanlı toxucuları tərəfindən toxunmuş xalçalar – “Uca tanrı” və “Nar bağı” da tamaşaçıların diqqətinə təqdim olunub.

Əslən bakılı olan dağ yəhudi əsilli israilli rəssam Rami Meirin yaradıcılığına həsr edilən sərginin qonaqlarına iki döymə panno, təsviri sənət nümunələri, Rami Meir Art və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Meirin rəsm əsərlərinin süjetləri əsasında hazırlanmış xalçalar, ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, işıq installyasiyaları, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və silahlar nümayiş etdirilib.

Məxsusi olaraq sərginin açılışı münasibətilə hazırlanmış film və buklet tamaşaçılara rəssamın çoxşaxəli yaradıcılığı, onun Azərbaycanla sıx əlaqələrindən söhbət açır, Raminin bu sərgisi ilə bağlı detektivi xatırladan əhvalat açıqlanaraq qeyd olunub ki, sərgi elə həmin XTNS-nin “Azərbaycan” pavilyonunda 40 il əvvəl açılmalı idi.

1982-ci ildə gənc Rami bir ildən sonra XTNS- də Azərbaycan pavilyonunda keçiriləcək sərginin hazırlığına başlayıb. Bütün əsərlər - müəllifin zəhmətlə işlədiyi mis üzərində zərgərlik təqibi texnikasında olan 20-yə yaxın panel daşınma zamanı oğurlanıb. Oğrunu tapmaq mümkün olmasa da, təsadüfən sərgiyə göndərilməyən iki əsər qorunub saxlanılıb. Rəssam həmin əsərləri heç yerdə sərgiləmir və daha sonra onları gəlininə hədiyyə edib.

İndi - 40 ildən sonra Rami Meir eyni Azərbaycan pavilyonuna yeni sərgi ilə qayıdıb. Tamaşaçılar bu sərgidə o vaxt gənc olan rəssamın yaradıcılıq axtarışlarına və uğurlarına dəlalət edən yeganə əsərləri - “Qızılgülün üstünlüyü” və “Qladiatorların döyüşü” panellərini görəcəklər.

Sərgi 2022-ci il oktyabrın 30-dək davam edəcək.

Xatırladaq ki, 2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində Rami Meirin sərgiləri uğurla keçirilib. Bundan əlavə, Florensiyada “Florence Art Deposit Gallery” qalereyasında “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib. 2022-ci ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ASC ilə birlikdə “Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə” adlı birgə sərgi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.