İDMAN


Ramil Əliyev: Ölkəmizdə kiber idman növünə maraq ildən-ilə artır

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində kiber idman üzrə Avropa kuboku yarışı keçirilir. Yarışlar iki növ - “Rocket League” və “Tekken7” üzrə təşkil olunub. “Rocket League” komanda üzrə, “Tekken7” isə fərdi keçirilir.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Kiber İdman Federasiyasının (AZKİF) prezidenti Ramil Əliyev deyib.

O qeyd edib ki, yarışa 20 ölkədən idmançılar, 25 ölkədən isə rəsmilər qatılıblar. Yarış dörd gün davam edəcək. Mayın 25-26-da “Rocket League”, 27-28-də “Tekken7” üzrə oyunlar keçiriləcək. Bu gün “Rocket League” oyunu üzrə finalçılar artıq məlum olacaq.

“2011-ci ildə yaradılan AZKİF, həmin ildən Beynəlxalq Kiber İdman Federasiyasının tam hüquqlu üzvüdür. 2014-cü ildə biz altıncı dünya çempionatını “Baku Crystal Hall”da qəbul etmişik. İldən-ilə bu idman növünə maraq artır. Bu oyunçuların sayına da təsir göstərir. İl ərzində keçirdiyimiz tədbirlərə 20 minə yaxın iştirakçı qatılıb. Hər il idmançılarımız beynəlxalq yarışlarda güclərini sınayırlar. Hər il ölkəmizdə ənənəvi kiber idman üzrə milli çempionat keçirilir. Bu yarış Azərbaycanının bütün şəhər və rayonlarını əhatə edir. Qalib gələn şəxslər müvafiq növlər üzrə dünya çempionatında iştirak edir”, - deyə R.Əliyev əlavə edib.

“Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Niderland, Rumıniya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 33 iştirakçı 11 komandada təmsil olunmaqla mübarizə aparır. “Rocket League” raket maşınları ilə oynanılır.

Eyni zamanda, festival çərçivəsində “Tekken7” üzrə də mübarizə aparılır. Mübarizəyə Azərbaycan, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Şimali Makedoniya, Malta, Monako Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 17 iştirakçı qoşulub. “Tekken” “Namco” şirkəti tərəfindən ilk dəfə 1994-cü ildə yaradılmış döyüş oyunudur.

Qeyd edək ki, bu videooyunlar üzrə Avropa kuboku yarışı Azərbaycanda ilk dəfə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.