ELM VƏ TƏHSİL
Ramil Cabbarov: “Eduexpo” təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq imkanı yaradır
Bakı, 12 oktyabr, AZƏRTAC
“Eduexpo” təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq, tərəfdaşlıq qurmaq, əməkdaşlığın üfüqlərini genişləndirmək və çoxsaylı hədəf auditoriya – abituriyentlər, onların valideynləri, eləcə də sektorun mütəxəssisləri ilə görüşlər keçirmək üçün imkan yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin direktoru Ramil Cabbarov deyib. O bildirib ki, universitetin stendində ziyarətçilərin UNEC-dəki bakalavr və magistr təhsili üzrə ixtisaslar, ABŞ-ın və Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə, eləcə də xüsusi təqaüd proqramları barədə məlumat verilir.
“Sərgidə UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət rəsmlər, həmçinin tələbə dizaynerlərin çəkdikləri libasları canlı olaraq nümayiş etdirmələri ziyarətçilərin xüsusi marağına səbəb olur”, - deyə Ramil Cabbarov bildirib.