İQTİSADİYYAT


Ramil Hüseyn: Yeni kimya sənayesi müəssisələrinin işə düşməsi ixracın daha da artmasına təsir göstərəcək

Bakı, 14 iyun, AZƏRTAC

Növbəti aylarda qeyri-neft sektoru üzrə ixracın artmasını proqnozlaşdırmaq olar. Bu baxımdan "SOCAR Polymer", "SOCAR Carbamide" kimi müəssisələrin yaradılması, ölkədə 45 aqroparkın təşkili ixracın artmasına və 2025-ci ildə adambaşına 450 ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilməsi hədəfinin reallaşmasına böyük töhfə verəcək.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn deyib.

Departament rəhbəri bildirib ki, bu ilin ilk dörd ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 milyon ABŞ dolları və ya 19 faiz artaraq 485,3 milyon ABŞ dollarına çatıb. Rusiyaya 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon, İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya 24 faiz və ya 26,6 milyon, Türkiyəyə 27 faiz və ya 27,2 milyon, Gürcüstana 23 faiz və ya 9,8 milyon, İsveçrəyə 10 faiz və ya 3,6 milyon və Çinə 29 faiz və 3,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoru üzrə ixrac həyata keçirilib. Göründüyü kimi, yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ilk beşlikdə olan ölkələrin hamısına ixrac artıb.

"İxrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi başçılıq edib: "Bu ilin 4 ayında 47,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. Yanvar-aprel ayları ərzində reallaşdırılan qeyri-neft məhsullarının ixracı ilə bağlı rəqəmlərin təhlili göstərir ki, ikinci yerə pomidor (tomat) sahiblənib. Bu müddətdə 42,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edilib. 2017-ci ilin müvafiq dövri ilə müqayisədə pomidor ixracı dəyər baxımında 26 faiz, həcm baxımında isə 15 faiz artıb. İxrac edilən pomidorun 1 kiloqramının qiyməti 1,17 ABŞ dolları olub. Pomidor ixracının artımı həm də ölkəmizdə yeni yaradılan istixanaların qeyri-neft ixracına verdiyi töhfənin göstəricidir. Ümumiyyətlə isə, dörd ayda meyvə-tərəvəzin ixracı 111,1 milyon ABŞ dolları olub və ötən illə müqayisədə 27,3 faiz artıb. May və iyun aylarında da meyvə-tərəvəzin ixracının artacağını proqnozlaşdırmaq olar", - deyə R.Hüseyn qeyd edib.

R.Hüseyn vurğulayıb ki, qeyri-neft sektoru üzrə ixracda ilk üçlükdə təmsil olunan digər məhsul isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilendir. Bu məhsulun ixracı 35 milyon ABŞ dolları təşkil edib və 3 faiz artıb. Bu müddətdə kimya sənayesi məhsullarının ixracı 27,4 faiz artıb. Qarşıdakı aylarda bu sahədə yeni müəssisələrin işə düşməsi ixracın daha da artmasına təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.