SİYASƏT


Ramil Vəlibəyov: Qlobal Bakı Forumu təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mükəmməl platformadır

Bakı, 20 iyun, AZƏRTAC

Məlum olduğu kimi, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirildi. Forumda 50 ölkədən yüksək səviyyəli nümayəndənin iştirak etməsi aparılan müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, müzakirələr nəticəsində hasil olan nəticəyə uyğun dünyaya yeni mesajların verilməsi faydalı olduğundan bir daha belə bir dialoq platformasına ehtiyacın olduğu ortaya çıxır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışında qlobal və regional təhlükəsizlik məsələlərinə toxunması, dünyadakı enerji, siyasi və hərbi böhranların nəticələrini təhlil etməsi, bütün bu problemlərdən çıxış yollarını da göstərməsi dialoq platformasının əhəmiyyətini və ona olan marağı daha artırırdı. Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Zəfərindən, müharibənin nəticələrindən, Ermənistanın imzaladığı kapitulyasiya aktından, orada əksini tapmış məsələlərdən, eləcə də Zəngəzur dəhlizindən də bəhs edib. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin çıxışı əsasən sülh çağırışı və əməkdaşlıq əlaqələrinin qurulması motivi üzərində qurulmuşdu. Forumda Cənubi Qafqazda əməkdaşlıq, sabitlik və regionun dayanıqlı inkişafı naminə Azərbaycanın sülh çağırışları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ən vacib məqam isə ondan ibarət idi ki, Prezident İlham Əliyev bir daha “Dağlıq Qarabağ” adlandırılan ərazinin, inzibati strukturun mövcud olmadığını diqqətə çatdırdı. Xüsusilə nəzərə çatdırıldı ki, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Əgər Ermənistan şovinist mövqeyindən, işğalçılıq niyyətlərindən, ərazi iddialarından əl çəkməsə, Azərbaycanın ərazi bütövlüyünü tanımasa, o zaman Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Yəni, Azərbaycan yaddan çıxarmayıb ki, hansı yolla 1920-ci ildə Azərbaycanın tarixi parçası olan Zəngəzur Ermənistana birləşdirilib.

Bütövlükdə, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyini deyən Ramil Vəlibəyov əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Xüsusilə də, təhlükəsizlik məsələləri beynəlxalq arenada və gündəlikdə duran əsas məsələlərdən birinə çevrildiyindən açıq müzakirələrin aparılması üçün Qlobal Bakı Forumu mükəmməl platforma olaraq çıxış edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.