ELM VƏ TƏHSİL


Ramilə Hüseynova: Test imtahanı ilə müqayisədə müsahibə mərhələsində daha az həyəcan keçirdim

Bakı, 23 avqust, AZƏRTAC

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 47 bal toplamışdım. İstədiyim nəticəni əldə edə bilməsəm də müsahibə mərhələsinə keçməyim üçün yetərli oldu.

Müsahibə mərhələsində test imtahanı ilə müqayisədə daha az həyəcan keçirdim.

Bu fikri AZƏRTAC-a müsahibəsində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən Ramilə Hüseynova deyib. O bildirib ki, komissiya üzvləri sualları sərbəst cavablandırmaq üçün ona rahat şərait yaradıblar.

Ramilə Hüseynova deyib: “Biz gənclərin işə qəbulu üçün tam şəffaf şərait yaratdığına görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Vətənimiz üçün bilikli gəncliyin yetişdirilməsində göstərilən etimadı doğruldacağıma söz verirəm”.

Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı verilib.

Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.