MƏDƏNİYYƏT
Ramilə Qurbanlı: Bu sərgi bizim kitab bayramımızdır
Bakı, 7 oktyabr, Emil Məlikov, AZƏRTAC
VIII Bakı Beynəlxalq Kitab Sərgisi xoş təəssüratlarla ilə yadda qalacaq. Nə gözəl ki, ölkəmizdə belə sərgilər keçirilir. Bu bizim kitab bayramımızdır.
Bunu AZƏRTAC-a açıqlamasında VIII Bakı Beynəlxalq Kitab Sərgisində jurnalist, publisist Ramilə Qurbanlı söyləyib.
Sərginin əhəmiyyətindən danışan R.Qurbanlı deyib: “Bu gün burada sayca səkkizinci kitabımın təqdimat və imza saatı keçirildi, bu da məni çox sevindirdi, eyni zamanda qürurlandırdı. İstərdim ki, mədəniyyətlə bağlı, kitabla bağlı sərgilər, tədbirlər çox olsun. Bu cəmiyyətin maariflənməsi üçün çox vacibdir. Kitablarımın hamısında sənət adamlarından, xalqımızın maarifpərvər ziyalılarından bəhs edilir. Sonuncu kitabımda isə publisistikam da yer alıb. Buna görə də sevincliyəm. Əslində heç vaxt kitab çap etdirmək fikrində olmamışam. Bu o səbəbdən yarandı ki, mən zamanla mətbuatda, qəzetlərdə, saytlarda çap olunan yazılarımı arxivlərinin etibarına buraxmaq istəmədim və ən əsas da müəllif hüquqlarının kobud şəkildə pozulması səbəbindən bu yazılarımı bir yerə toplamaq qərarına gəldim”.