CƏMİYYƏT
Ramin Bayramlı: Əsassız zənglər və digər sui-istifadə halları ilə bağlı araşdırma aparılacaq
Bakı, 4 iyun, AZƏRTAC
Statistikaya görə, hər gün ölkəmizdə 150-170 nəfər vəfat edir. Dəfn mərasimində iştirak etmək istəyənlər 102 xidmətinə zəng etməklə buna nail ola bilərlər və polis işçilərinin planşetində icazə ilə bağlı müvafiq qeydiyyat olacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, əvvəlki sərt karantin rejimində bu sahədə sui-istifadə halları qeydə alınıb. Hətta bəzi günlər 40 minə yaxın müraciət edilib və araşdırılarkən bunların əksəriyyətinin həmin məqsədə xidmət etmədiyi aşkar olunub. Ona görə də əsassız dərman almaq və digər həqiqətə uyğun olmayan məqsədlərlə 102 xidmətinə zəng edənlər barədə müvafiq strukturlar barədə araşdırma aparılacaqdır.