İQTİSADİYYAT


Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb

İstanbul, 18 oktyabr, AZƏRTAC

SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb. İmzalanan müqavilə də bunun sübutudur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev şirkət ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində imzalanan müqaviləni şərh edərkən deyib.

O bildirib ki, müqaviləyə əsasən, Türkiyədə Duz gölü sahəsində ilkin olaraq 40 quyunun qazılması nəzərdə tutulur. Bu quyular gələcəkdə yeraltı qaz anbarı olaraq istifadə ediləcək.

Müqavilənin “açar təfili” növlü olduğunu qeyd edən R.İsayev deyib: “Biz qazma sahəsinə və qazmaya aid olan bütün işləri öz öhdəmizə götürmüşük. Hesab edirəm ki, bu müqavilənin imzalanması şirkət olaraq həm bizim, həm də ölkəmiz üçün çox əlamətdar hadisədir. Bunun ilk səbəbi qardaş Türkiyədə belə vacib bir layihəyə daxil olmağımızdır. Digər səbəb isə belə böyük bir layihədə iştirak etmək Azərbaycan qazmaçılarının onilliklərboyu qazandığı, o cümlədən quruda qazma işləri aparmaq üzrə təcrübəsinin artıq dünyada və regionda tanınmasının sübutudur. Eyni zamanda, “Duz gölü” layihəsi Türkiyədə və eləcə də regionda SOCAR AQŞ-nin bu sahədəki gələcək biznesini inkişafına, və Azərbaycan qazması tarixinin yenilikçi və qabaqcıl yolunu davam etdirməyə təkan verəcək”.

Bu quyuların qazılmasının əsas məqsədinin yerin altına qazı vurmaq və tələbat yarandığı təqdirdə qazı bu quyular vasitəsilə yerin altından çıxararaq istifadəçilərə çatdırmaq olduğunu deyən baş direktor ümumiyyətlə yeraltı qaz anbarlarının qazılması və tikilməsinin ölkənin enerji təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu bildirib.

R.İsayev deyib: “Dünya təcrübəsi göstərir ki, hər ölkənin illik qaz tələbatının azı 15-20 faiz həcmində yeraltı qaz saxlama imkanları olmalıdır. İndiyədək Türkiyə kimi mühüm iqtisadiyyatı olan və əhalisi sürətlə artan bir ölkə demək olar ki, yeraltı qaz anbarları imkanlarına malik olmayıb. Bu isə əhaliyə və sənayeyə fasiləsiz qaz təchizatının təmin edilməsi istiqamətində vaxtaşırı problemlər yarada bilər. Ümid edirik ki, bu quyuların uğurla qazılması, layihənin uğurla başa çatması qardaş ölkənin gələcəkdə enerji və ümumiyyətlə iqtisadi təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Türkiyənin regionda rolunun artmasına dəstək olacaq bu layihənin Azərbaycan üçün də üstün cəhətlərinin olduğunu deyən R.İsayev bildirib: “Azərbaycan tərəfi bu məsələlərdə ümumi kontekstdə maraqlıdır. Ticarət müəssisəsi olaraq bizim üçün də burada maraq doğuran məqamlar var. SOCAR AQŞ öz imkanlarını bir yerə toplayaraq, eyni zamanda, Türkiyədəki biznes tərəfdaşlarla bir yerdə işləmək və bu layihəni uğurla başa çatdırmaq əzmindədir. Bundan əlavə, burada işlədiyimiz vaxt ərzində Türkiyə üçün müasir tələblərə cavab verən qazma mütəxəssislərinin hazırlanmasını da əlavə məqsəd olaraq qarşımıza qoymuşuq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.