İDMAN


Ramin Musayev: Azərbaycan Premyer Liqasının səviyyəsi gözlədiyimizdən daha yüksəkdir

Bakı, 3 dekabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının səviyyəsi gözlədiyimizdən daha yüksəkdir. Bu, təkcə mənim fikrim deyil, ümumilikdə mətbuat bu qənaətdədir. Komandalarımızın sayı az olduğundan bəziləri düşünür ki, çempionatın səviyyəsi aşağı enəcək. Ötən il olduğu kimi, cari mövsümdə də 8 komanda birincilik uğrunda mübarizə aparır. Nəzərə alsaq ki, çempionatın əvvəlidir hər şey yüksək səviyyədədir. Çempionatın sonu daha gərgin idman mübarizəsi şəraitində keçəcək.

Bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

PFL-in prezidenti bildirib ki, Azərbaycan kuboku yarışlarının yeni mövsümünün püşkü atılıb. Bizi maraqlı oyunlar gözləyir. Oyun artırılma vaxtına getdikdə bəzən klublarda fiziki hazırlıqla bağlı problemlər olur. Bunu nəzərə alaraq, UEFA-da olduğu kimi, dördüncü əvəzetməyə icazə veriləcək. Doxsan dəqiqədən sonra hər bir komanda bundan istifadə edə bilər.

“PFL yaranandan fəaliyyətimiz göz qabağındadır. Çalışırıq ki, Azərbaycan futbolunun inkişafına töhfə verək. İnsan həmişə beynində özü müzakirə aparmalıdır. Hər bir şəxs etdiyi səhvləri və müsbət addımlarını fikirləşməlidir. İnanıram ki, biz fəaliyyətimizlə müsbət rəy yaratmağı bacarmışıq. PFL 2008-ci ildə yaradılıb və bunun səbəbkarı AFFA-nın prezidenti Rövnəq Abdullayev olub. Bu müddət ərzində komandalarımızın avrokuboklardakı uğurlarının səbəbkarı məhz PFL-dir. Statistikaya nəzər salsaq görərik ki, 2008-ci ilədək klublarımızdan heç biri avrokuboklarda ikinci mərhələdən sonra çıxış edən olmayıb”, - deyə R.Musayev əlavə edib.

R.Musayev qeyd edib ki, PFL-in fəaliyyəti dövründə “Neftçi” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Daha sonra “Qarabağ” və “Qəbələ” komandaları bu uğuru davam etdirib. “Qəbələ” dünyada rekorda imza atıb. İki il təsnifat mərhələsindən başlayaraq qrup mərhələsinədək irəliləyib. Son dövrlərdə “Qarabağ” klubu insanlarda futbola sevgi yaradıb. Sevindirici haldır ki, matçlara ailələr, qadınlar da gəlirlər. Ölkəmizdə idmanın bu növünə sevgi artır.

“PFL yarandığı il Azərbaycan UEFA-nın reytinqində 46-cı yerdə idi. Hazırda ölkəmiz 25-26-cı yerləri bölüşür. Ötən il isə 22-23-cü pillədə qərarlaşmışdıq. Bəlkə də bu rəqəmlər dildə az səslənir. Amma bunu futbol sahəsində qazanmaq çox çətindir. PFL Azərbaycan futboluna çox lazımdır. Əvvəllər komandalarımız avrokuboklarda iki mərhələ adlayırdı və bunu bayram kimi qeyd edirdik. Ancaq indi azarkeşlər komandalarımızı play-off mərhələsində görmək istəyirlər. Klublarımız çalışmalıdırlar ki, səviyyəli legionerləri heyətlərinə qatsınlar. Bəzən elə olur ki, heyətə cəlb olunan futbolçu komandasında heç bir il oynamır. “Neftçi”yə rəhbərlik etdiyim zamanlarda transfer olunan futbolçular ən azı üç mövsüm komandada çıxış edirdilər. Onlar azarkeşlər tərəfindən çox sevilirdilər. Ancaq belə hallar indi çox da baş vermir. Hazırda Azərbaycan yığmasında milliləşdirilmiş futbolçu – Riçard Almeyda çıxış edir. UEFA-nın qərarına əsasən, əgər futbolçu bir ölkədə beş il çıxış edərsə, onun milliləşdirilməsinə icazə verilir. Almeyda da gözəl oyunu ilə azarkeşləri sevindirir. Komandalar heyətini qış transfer dövründə formalaşdırmalıdırlar. Çünki heyətə cəlb olunan futbolçu adaptasiya dövrü keçməlidir. Çox vaxt klublarımız avrokubokda yerini təmin etdikdən sonra transfer hazırlığına başlayır. Bəzən həmin futbolçuların oyunu alınmır”, - deyə R.Musayev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.