CƏMİYYƏT
Ramiz İbrahimov: Vəkillər Kollegiyası növbəti beş ildə də öz vəzifələrini layiqincə yerinə yetirəcək
Bakı, 7 dekabr, AZƏRTAC
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri və üzvləri bu qurumun qarşısında duran məqsədlərə nail olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkillərin ixtisas komissiyasının sədri, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov dekabrın 7-də jurnalistlərə müsahibəsində deyib.
R.İbrahimov bildirib ki, Vəkillər Kollegiyası üzvlərinin konfransı bu qurumun həyatında mühüm hadisədir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, üzərinə öz vətəndaşlarına yüksək hüquqi yardım göstərilməsi öhdəliyini götürən dövlətimiz Vəkillər Kollegiyasının fəaliyyətinə daim diqqət və qayğı göstərir. Biz bu gün bu qayğını öz üzərimizdə hiss edirik. Vəkillər Kollegiyasının uğurlu fəaliyyəti üçün onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər görülür.
“Konfransda qurumun ötən beş ildəki fəaliyyətinin yekunları müzakirə edildi, növbəti beş il üçün fəaliyyət proqramı müəyyənləşdirildi. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədrinin və üzvlərinin seçim prosesi yüksək səviyyədə, aşkarlıq şəraitində, açıq səsvermə yolu ilə keçirildi. Sevindirici haldır ki, irəli sürülən namizədlər konfrans iştirakçılarının yekdil səsi ilə seçildilər. Əminəm ki, onlar növbəti beş ildə də Vəkillər Kollegiyasının qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəklər”, - deyə R.İbrahimov bildirib.