CƏMİYYƏT


Raqif Abbasov: Gənc nəsil işğaldan azad edilən ərazilərimizdə quruculuq-bərpa işlərinə böyük töhfələr vermək iqtidarındadır

Bakı, 19 yanvar, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuraraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu, xalqımızın ən böyük zəfərini qazanaraq böyük qələbəyə imza atdı. Qarşıda duran mühüm vəzifə işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Prezident işğaldan azad olunmuş ərazilərimizə şəxsən səfər edərək, həlli vacib məsələlərlə bağlı mühüm mesajlar verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, imzası qədər sözü də qüvvətli olan Prezident İlham Əliyevin Şuşa səfəri Müzəffər Ali Baş Komandanın sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Prezident İlham Əliyevin çıxışlarında böyük əminliklə səsləndirdiyi “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq!”, - sözlərinə Azərbaycan xalqı inanırdı və bu günü böyük səbirsizliklə gözləyirdi. Vətən müharibəsinin başa çatmasından cəmi iki ay keçməsinə baxmayaraq, artıq Böyük Qayıdış prosesi başlayıb, işğaldan azad olunan ərazilərimizdə quruculuq-bərpa işlərinə start verilib. Dünyanın müxtəlif dövlətlərinin Vətən müharibəsinin gedişində göstərdikləri böyük təzyiqlərə, təhdidlərə baxmayaraq, Müzəffər Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönmədi. Xalqımız əmindir ki, mənfur düşməni torpaqlarımızdan qısa müddətdə qovduğumuz kimi, Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Hər bir liderin millətinə, dövlətinə bəxş etdiyi ən böyük nailiyyətin o xalqın gələcəyi üçün yetişdirdiyi gənclik olduğunu vurğulayan R.Abbasov ötən illər ərzində məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə intellektual səviyyəsi ilə fərqlənən, milli ideyalar ruhunda tərbiyə alan, sağlam düşüncəyə, əqidəyə sahib olan yenilməz, güclü gəncliyin formalaşdığını bildirib: “Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli dövlətçilik kursu, azərbaycançılıq ideyası Azərbaycan gənclərinə yüksək potensiallarını həyatın bütün sahələrində reallığa çevirmək üçün böyük imkanlar yaratdı. Ötən 17 il ərzində Azərbaycana rəhbərlik etmiş Prezident İlham Əliyev tərəfindən qloballaşma dövründə həm milli dəyər və maraqlara, həm də beynəlxalq təcrübəyə uyğun gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Vətənin istiqlalı üçün sinəsini sipərə çevirən, hər qarış torpağı uğrunda canından keçməyə hazır olan və ölkənin tərəqqisinə can atan gəncliyin yetişdiyinin şahidi olduq. Düşmən işğalından torpaqlarımızı milli ruh, cəsarət, böyük qəhrəmanlıq nümayiş etdirərək azad edən məhz ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələri olan gənclərimiz oldu”.

Bu gün gənclərimizin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək doğma yurdun tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük potensial nümayiş etdirdiklərini qeyd edən Raqif Abbasov onların işğaldan azad olunan ərazilərimizin bərpasında, çiçəklənməsində də fəallıqlarını əsirgəməyəcəklərinə əminliyini bildirib: “Bu gün xalqımız bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir, Prezidentinə, dövlətinə, ordusuna güvənir. Müzəffər Ali Baş Komandanın ətrafında gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, o cümlədən müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yumruq kimi birləşib. Özünü müstəqil dövlət kimi təsdiq edən güclü Azərbaycanın vətəndaşları olmaqdan qürur hissi keçirən bugünkü gənc nəsil də quruculuq və bərpa işlərinə böyük töhfələr vermək iqtidarındadır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, bərpa və quruculuq işlərindəki əsas yükü və vəzifəni də gənc nəsil layiqincə yerinə yetirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.