İDMAN
“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirinin iştirakçıları Sumqayıtda Şəhidlər xiyabanını ziyarət ediblər



Bakı, 19 aprel, AZƏRTAC
Ötən il aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş klublararası beynəlxalq cüdo turnirinin iştirakçıları aprelin 19-da Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, təşkilat komitəsinin, ölkəmizin klub komandalarının üzvləri, Rusiya və Gürcüstandan gəlmiş idmançılar xiyabanda polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin məzarlarına əklillər qoyublar.
Xatırladaq ki, beynəlxalq turnir Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club-2012”nin təşkilatçılığı ilə keçirilir. Tatami üzərinə 21 yaşadək oğlan və qızlardan ibarət komandalar çıxacaq. Oğlanlardan ibarət komandalar 60, 66, 73, 81, +81, qızlar isə 57 və 63 kiloqram çəki dərəcəsində yarışacaqlar.
Turnirə sabah Bakı Əl Oyunları İdman Sarayında start veriləcək.