İQTİSADİYYAT


Rauf Zeyni: Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” layihələrinin reallaşdırılması tarixi hadisədir

Bakı, 9 iyun, Ramiz Quliyev, AZƏRTAC

Erməni işğalçılarından azad edilmiş Qarabağ planlı şəkildə, “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Artıq bu istiqamətdə dövlət konkret addımlar atır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirilir.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni AZƏRTAC-a müsahibəsində sözügedən aktual məsələ ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, Azərbaycan tarixində çox şərəfli bir səhifə olan 44 günlük İkinci Qarabağ savaşı “dəmir yumruq” əməliyyatı nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun qüdrətilə böyük bir tarixi qələbə qazandı. Həm müharibə, həm də hərb tarixində belə bir Qələbənin əldə olunması, hətta Şuşa kimi alınmaz qalanın əlbəyaxa döyüşlə azad edilməsi bütün regionda yeni bir vəziyyət yaratdı. Azərbaycan nəinki torpaqlarımızı işğaldan azad etdi, regionda sülh və stabillik, yeni bir mühit və vəziyyət yaratdı. Bu, danılmaz bir həqiqətdir. Otuz ildir mənfur qonşularımız təbliğat aparırdılar ki, Azərbaycan guya Qarabağı unudub, öz torpaqlarını istəmir, Azərbaycan Ordusu isə Qarabağı işğaldan azad edə bilməz və ona qadir deyil. Ümumiyyətlə, düşmənlərimiz daim Ordumuza qarşı şər-böhtan kompaniyası aparır, dünya ictimaiyyətini yalan və böhtanla aldatmaq istəyirdilər. Biz də Azərbaycan olaraq həm BMT-nin qətnamələrini, həm də beynəlxalq təşkilatların münaqişə ilə bağlı münasibətlərini 30 il gözlədik. Azərbaycan dəfələrlə yüksək tribunalardan qeyd edirdi ki, münaqişənin sülh yolu ilə həllinin limiti artıq bitib. Problemin həlli yalnız və yalnız hərb və güc yolu ilə mümkündür. Hesab edirəm ki, Prezident İlham Əliyev zamanında və vaxtında hərbi və əks-kəşfiyyat əməliyyatlarına göstəriş verdi. Tarix də bu addımın düzgünlüyünü sübut etdi və Azərbaycan torpaqları işğaldan azad olundu. Bundan sonra xalqımız və dövlətimiz üçün ikinci bir mərhələ başlayıb...

“Hazırda isə Qarabağa böyük quruculuq işlərinin görülməsi, o cümlədən yerli əhalinin oraya böyük qayıdışı məsələsi gündəmdədir. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncam və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, yeni və müasir Qarabağın yaradılması ölkəmizin siyasi-iqtisadi həyatında mühüm tarixi hadisədir. Bu layihələr həm də smart layihələr olmaqla yeni texnologiyaya əsaslanıb. Məlum olduğu kimi, bu günlərdə Ağdamda dövlətimizin başçısının iştirakı ilə həmin layihələrin təqdimatı və açılışları olub. Əlbəttə ki, dövlətimizin başçısının müasir “ağıllı şəhər” və “ağıllı kənd”, “yaşıl enerji” layihələrinin işğaldan azad edilmiş digər rayonlarda da qısa müddətdən sonra açılışı olacaq. Əzəli Azərbaycan torpağı olan Qarabağ zülmətdən nura qərq olacaq, müasir şəhərə çevriləcək. Təbii ki, o torpaqlarda yaşayan azərbaycanlıların ürəyində bir toxum cücərir. Onlar uzun illərdir vətən həsrəti ilə yaşayırdırlar. Odur ki, viran qalmış, dağılmış vətənə, yurda deyil, yenidən qurulmuş Qarabağa qayıtmaq çox böyük bir hadisədir. Xatırladım ki, dövlətimizin başçısı əhalinin öz doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı rəy sorğusunun keçirilməsinə qərar verib. Doğrudan da, vətənə qayıtmaq istəyən məcburi köçkünlər arasında sorğu keçirilməli və bu məsələ real statistik rəqəmlərə əsaslanmalıdır. Yəni insanların sayı nəzərə alınmaqla kənd və ya şəhər salınmalı, tikinti işləri aparılmalıdır. Həm də, bu zaman israfçılığın da qarşısı alınır. Bu sahədə ağıllı planlaşma olmalıdır ki, tikinti və yenidənqurma işlərinə artıq vəsait xərclənməsin. İnanıram ki, qısa müddət ərzində Qarabağda dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər əhalinin sevinclə öz yurdlarına qayıtmasına şərait yaradacaq. Nəhayət, həyat orada bərpa olunacaq, bu ərazilərin əsl sahibləri vətənə dönəcəklər. Bütün dövlət qurumları ilə yanaşı, əzəli Qarabağ torpaqlarında vətəndaş cəmiyyəti qurulacaq. Bu da bizim üzərimizə düşən şərəfli bir missiyadır”, - deyə R.Zeyni vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.