İDMAN
Raul Qonzales futbolçu karyerasını başa vurur VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
İspaniya millisinin və Madridin “Real” komandasının əfsanəvi futbolçusu Raul Qonzales noyabrda karyerasını başa vuracağını açıqlayıb.
AZƏRTAC “Real” klubunun saytına istinadla xəbər verir ki, əfsanəvi futbolçu bu barədə qərar qəbul etməsinin asan olmadığını, ancaq indi futbolla vidalaşmaq vaxtının çatdığını bildirib.
ABŞ-ın “Nyu-York Kosmos” futbol klubunun saytında yer alan məlumata görə isə, Raul noyabrda Şimali Amerika Futbol Liqasının hazırkı mövsümü başa çatdıqdan sonra futboldan ayrılacağını bildirib: “Dekabrda “Nyu-York Kosmos” ilə müqavilə imzalayanda mövsümün sonunadək çıxışımı dəyərləndirib karyeramı davam etdirmək barədə qərar qəbul edəcəyimi söyləmişdim. Hazırda karyeramla bağlı qəbul etdiyim qərar mövsümün sonunda futbolla vidalaşmaqdır. İndi fikirləşdiyim əsas məqam isə “Nyu-York Kosmos” ilə çempion olmaqdır. Qarşıdakı aylarda futboldan sonrakı fəaliyyətimlə bağlı qəti qərara gələcəyəm”.
“Uzun illər həyatımın ən böyük hissəsini əhatə edən futbolla vidalaşmaq mənim üçün asan olmasa da, düşünürəm ki, artıq bunun vaxtıdır. Məni dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Gələcək həftələrdə “Nyu-York Kosmos”un heyətində karyeramın sonuncu oyunlarını səbirsizliklə gözləyirəm”, - deyə futbolçu əlavə edib.
Çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı Raul Qonzales “Real”da çıxış etdiyi 1994-2010-cu illərdə 323 qolla kral klubunun heyətində ən çox top vuran futbolçu idi. Lakin bir neçə gün əvvəl portuqaliyalı Kriştiano Ronaldo bu ünvana sahib olub. “Real”dan ayrıldıqdan sonra Raul 2010-2012-ci illərdə çıxış etdiyi “Şalke-04”ün heyətində 66 oyunda 28, 2012-2014-cü illərdə Qətərin “Al Sadd” klubunda 39 oyunda 11, bu ildən forma geydiyi “Nyu-York Kosmos”da isə indiyədək 26 oyunda 7 dəfə fərqlənib.
İspaniya milli komandasının heyətində 102 dəfə meydana çıxan Raul rəqib qapılarına 44 dəfə yol tapıb.