CƏMİYYƏT
Ravvin Ron Li-Paz: Azərbaycan çoxkonfessiyalı və multikultural yaşam tərzinin mərkəzidir VİDEO
Vaşinqton, 29 oktyabr, AZƏRTAC
Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumların, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Konfransda iştirak edən natiqlərdən biri, ABŞ-ın Dinlərarası Anlaşma Mərkəzinin vitse-prezidenti Ravvin Ron Li-Paz deyib: “Vaşinqtonda keçirilən bu konfransa məhz Azərbaycanın ev sahibliyi etməsi mənim üçün təəccüblü deyil. Azərbaycan çoxkonfessiyalı və multikultural yaşam tərzinin mərkəzidir. Dünya üzrə müxtəlif etiqad sahibi olan icmalar bu mühüm dəyərləri yüksək qiymətləndirirlər. Azərbaycanda olduğum müddətdə bir yəhudi və ravvin kimi təcrübəmdən danışarkən, İsrail səfiri Corc Diklə söhbətimi xatırlayıram. Bir dəfə ondan soruşdum ki, Azərbaycanda yəhudi olmaq təhlükəsizdirmi?, soruşdum kipa ilə şəhərdə gəzsəm nə olacaq? O mənə cavab verərək dedi ki, çox güman ki, “insanlar gəlib səni qucaqlayacaq”. Bu, Azərbaycanda mövcud olan multikulturalizmin və digər konfessiyalara göstərilən hörmətin rəmzidir”.
Xatırladaq ki, konfrans ABŞ-ın Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.