CƏMİYYƏT
Rayon baytarlıq diaqnostik kabinetlərin maddi-texniki bazası möhkəmləndirilir
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi” layihəsi çərçivəsində Çin Xalq Respublikasının İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib.
Mərasimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzin rəhbərliyi iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov çıxış edərək, bu il mayın 13-də Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İqtisadi və texnoloji əməkdaşlıq haqqında” müqavilə imzalandığını xatırladıb. Bildirib ki, müqavilədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi” layihəsi də nəzərdə tutulub. Bu layihə İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilir. Azərbaycanda laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən layihə gələcəkdə ölkəmizdə heyvan sağlamlığına və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
Azər Süleymanov göstərdiyi dəstəyə görə Çin Xalq Respublikasının Hökumətinə, onun Azərbaycandakı səfirliyinə, İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin rəhbərliyinə Kənd Təsərrüfatı Nazirliyi adından minnətdarlığını bildirib. O, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulu Van Çunqan, İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin müdir mavini Siao Fenghuai əməkdaşlıq münasibətlərindən danışıblar. Bildirilib ki, veriləcək laboratoriya avadanlıqları rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edəcək.
Çıxışlardan sonra “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov və İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzinin müdir müavini Siao Fenghuai imzalayıb.