İQTİSADİYYAT
Rayonda təhsil və səhiyyə müəssisələrinin inşası daim diqqət mərkəzindədir
Bakı, 18 fevral (AZƏRTAC). Respublikada təhsilin və səhiyyənin inkişafı, bu sahədə aparılan tikinti, əsaslı təmir və yenidənqurma işləri və həyata keçirilən islahatlar dövlət siyasətinin əsas qayəsini təşkil edir. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin hər il artması bunun bariz nümunəsidir. Nərimanov rayonunda da bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüşdür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, yeni dərs ilinin başlanması ərəfəsində 800 şagird yerlik 34 nömrəli orta məktəb, 1300 şagird yerlik 45 nömrəli orta məktəb, 820 şagird yerlik 82 nömrəli orta məktəb, 760 şagird yerlik 177 nömrəli orta məktəb, 1560 şagird yerlik 200 nömrəli orta məktəb, 750 şagird yerlik 202 nömrəli orta məktəb, 800 şagird yerlik 207 nömrəli orta məktəb əsaslı təmir olunmuş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.
Bundan əlavə, 258 nömrəli orta məktəbin 32 sinif otaqlı əlavə korpusunun tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.
Rayon ərazisində fəaliyyət göstərən 28 məktəbəqədər uşaq müəssisəsindən bir neçəsi əsaslı təmir olunmuşdur. Belə ki, ötən il 307 nömrəli uşaq bağçasında əsaslı təmir işləri aparılmış, 69 nömrəli uşaq bağçasında isə hazırda təmir işləri davam etdirilir.
Cari ilin sonunadək 89, 180 nömrəli uşaq bağçalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.