REGİONLAR
Rayonlarda pambıq sahələrinin su təminatı ilə bağlı növbəti videokonfrans keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.
ASC-nin nümayəndəsi Dilqəm Şərifovun AZƏRTAC-a verdiyi məlumata görə, konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin dəqiqləşdirilməsi və pambığın vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda səhmdar cəmiyyətin şöbə müdirləri və pambıq əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak ediblər.
İclasda səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyev cari ildə əkilən pambıq sahələrinin yerli Dövlət Aqrar İnkişaf mərkəzləri və şirkətlərlə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarında və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.