CƏMİYYƏT
Reabilitasiyaya cəlb olunmuş kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sərgisi təşkil edilib
Bakı, 7 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi sakinlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. Sərginin təşkilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də böyük rolu olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə yaşayan və reabilitasiya keçən uşaqların təqdim etdikləri ilk yaradıcılıq işlərinin nümayişində Xalq Rəssamı Arif Əziz də iştirak edib.
Qeyd edək ki, Bakının Zabrat qəsəbəsində ötən ildən fəaliyyətə başlayan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə 66 uşaq qəbul olunub, onlardan 49 nəfəri müəyyən müddət reabilitasiya kursu keçdikdən sonra ailələrinin və yaxınlarının himayəsinə verilib. Hazırda müəssisədə 17 uşaq yaşayır.
Müasir tələblərə uyğun şəraitin mövcud olduğu müəssisədə yaşayan uşaqların rahat yaşayışı, təhsil həyatına qayıtmaları üçün zəruri işlər aparılmaqla bərabər, onlarda rəsm, musiqi, rəqs və digər sahələrdə ilkin yaradıcılıq bacarıqları da formalaşdırılır.