İDMAN
“Real” ABŞ-da Beynəlxalq Çempionlar Kuboku matçında “Arsenal”ı məğlub edib
Bakı, 24 iyul, AZƏRTAC
İspaniyanın “Real” klubu Beynəlxalq Çempionlar Kubokunun matçında İngiltərənin “Arsenal” komandasına qalib gəlib. ABŞ-ın Merilend ştatının Lendover şəhərində keçirilən oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib. 11 metrlik zərbələri Zinəddin Zidanın yetirmələri daha dəqiq yerinə yetiriblər – 3:2.
AZƏRTAC xəbər verir ki, Madrid klubu görüşün gedişində iki qol geridə qalırmış. Qolları “Arsenal”ın heyətində Aleksandr Lyakazett (10-cu dəqiqə - penalti) və Pyer-Emerik Obameyanq (24-cü dəqiqə) vurublar. “Real” komandasında isə Qaret Beyl (56-cı dəqiqə) və Marko Asensio (59-cu dəqiqə) qolla qeydə alınıblar. Həmçinin komandalar qırmızı kartlarla da mübadilə aparıblar: 5-ci dəqiqədə madridlilərin müdafiəçisi Naço, 40-cı dəqiqədə isə londonluların müdafiədə oyunçusu Sokratis Papastatopulos meydanı tərk ediblər.
“Real”ın penalti seriyasında İsko, Rafael Varan və Vinisius Junior dəqiq zərbə endiriblər, bu, təkcə Beyldə alınmayıb. “Arsenal”ın heyətində Reyss Nelson və Bukayo Saka dəqiq zərbə yerinə yetiriblər, Qranit Caka, Naço Monreal və Robbi Börton isə komandanın ümidlərini doğrultmayıblar.
Yoldaşlıq turnirində, həmçinin İngiltərənin “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “Yuventus”, “Fiorentina”, “Milan” və “İnter”, Meksikanın “Qvadalaxara”, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” komandaları iştirak edirlər. Oyunların əsas hissəsi ABŞ-da keçirilir. Görüşləri, habelə Sinqapur, İngiltərə, Uels, Çin və İsveç qəbul edir.
Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Əgər oyunun əsas vaxtı heç-heçə ilə başa çatırsa, o zaman qalib penalti seriyasında müəyyən edilir. Belə halda qalib komanda iki, uduzan komanda isə bir xal qazanır.